Millimizin üzvü Dmitri Nazarov çıxış etdiyi “Aue” klubunun fan-şop mağazasının qonağı olub.
Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Nazarov klubun gənc oyunçuları və fanatları ilə görüşdə açıqlama verib. O, martın 26-da, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən və qol vurduğu Azərbaycan - Almaniya matçı (1:4) ilə bağlı da danışıb:
“Bu, mənim karyeram üçün dəyərli bir an idi. Tomas Müller kimi futbolçulara, ulduzlara qarşı həmişə oynamaq fürsətimiz olmur”.
26 yaşlı yarımmüdafiəçi 2-ci Bundesliqada “Sant Pauli”yə qarşı keçirəcəkləri matç barəsində də fikirlərini bildirib:
“Oyuna ciddi hazırlaşırıq. Qələbə vacibdi. İtirəcək heç nəyimiz yoxdu. Autsayderlərdən uzaqlaşmaq üçün qalib gəlməliyik. Son oyunda millinin heyətində yaxşı çıxış etdim. Həmin uğuru “Aue”də də davam etdirmək istəyirəm”.