"Komanda “sındı” - Zaur Svanadze - MÜSAHİBƏ

20:48 30 Mart 2017

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda evdə “Qəbələ”yə uduzan (1:3) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarnı cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Birinci hissədə yaxşı oynadıq. 2-3 qol vəziyyəti yaratsaq da, bunların yalnız 1-dən istifadə etdik. Lakin ikinci hissədə qol buraxdıqdan sonra komanda “sındı”. “Qəbələ” kimi komandaya bu cür fürsətlər verəndə bundan maksimum yararlanır. Qarşıda bizi çətin oyunlar gözləyir. Bu oyunu unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq. “Qəbələ”ni qələbə münasibətilə təbrik edirəm.

 

- Bu oyundan sonra kubok mübarizəsinin “İnter” üçün bitdiyini demək olar?
- Demək çətindi. Səfərdə bizə çox çətin olacaq. Sona kimi mübarizə aparacağıq. Bizdə ehtiyat oyunçular skamyası dardı. Buna baxmayaraq, mübarizə aparacağıq.

 

- Sanki bu oyunda müdafiəçilər bir qədər “yuxulu” görünürdü...
- İlk hissədə yaxşı oynasalar da, ikinci hissədə sizinlə razıyam.

 

- “İnter” əvvəlki oyunlarda “Qəbələ”yə qarşı yaxşı oyun sərgiləsə də, bu gün bunu görmədik. Səbəb nədi?
- Qış fasiləsindən sonra komanda həqiqətən zəifləyib. Fasilədə komandanın iki əsas üzvünün komandadan getməsi işimizi çətinləşdirib. Xüsusilə, dayaq yarımmüdafiəçisi mövqeyində ciddi problemlər var. Əvvəl bu mövqedə Ruslan Abışov oynayırdı. Əvvəl də demişdim, sona yaxınlaşdıqca daha da çətin olacaq. Oyunçulara təşəkkür edirəm ki, kubok oyununda yarımfinala kimi irəliləyiblər.

 

- Xizanaşvilinin start heyətində oynamamasının səbəbi nə idi?
- O, bir neçə məşqi buraxdığından, start heyətində şans vermədim.

 

- Mövsümün sonunda komandanın yorulduğunu dediz. Bəs siz necə, yorulmamısız ki?
- Bəli, hamımız yorulmuşuq. Bizim məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Bu istiqamətdə yolumuza davam edirik.

 

- Mövsümün sonunda sizi Mahmud Qurbanovun əvəz edəcəyi deyilir...
- Bu barədə heç bir məlumatım yoxdu.

 

- Oyunda hakim qərarlarından razı qaldız? Qapınıza təyin edilən penaltilərlə razılaşırsız?
- Baxmadan heç nə deyə bilmərəm. Baxdıqdan sonra fikir söyləmək olar.


Digər xəbərlər

Xəbər xətti