"İlk oyunda belə oynasaydıq..." - Elxan Abdullayev - MÜSAHİBƏ

23:20 5 Aprel 2017

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”la qolsuz bərabərə qalaraq mübarizəni dayandıran “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abdullayev öncə oyunla bağlı fikirlərini bildirib:

 

- “Qarabağ”ı təbrik edirəm. Həm “Qarabağ”a, həm də “Qəbələ”yə finalda uğurlar arzulayıram. Bu gün yaxşı oynadıq. Ancaq kubok iki oyundan ibarətdi. İlk oyunda belə oynasaydıq, bəlkə, başqa cür olardı. Futbolçularıma təşəkkür edirəm. Bu gün əzmkarlıq nümayiş etdirdilər.

 

- Komandaya yeni gələndə bunun sizin komandanız olmadığını demişdiz. Bəs indi necə?
- Komandaya gələndə avrokuboklara vəsiqə sözü verməmişdim. Sadəcə, çətin vəziyyətdən çıxaracağımı demişdim.

 

- Sizcə, çıxıb?
- Məncə, hə. Bəzi şəxslər, məsələn, Tahir Süleymanov deyir ki, 15 futbolçu transfer etmişik. Ancaq 15 transfer deyil, gedənləri əvəz etmişik. Bizim ən böyük problemimiz bilirsiz, nədi? “Neftçi”nin 26 xalı var. Əsas rəqibərimizə uduzduğumuzdan, vəziyyətimiz belə alındı. Qarşıda 4 oyunumuz var. İlk dövrədə 26 xal yığsaydıq, indi daha yüksək pillədə idik. Düzdü, məsələyə belə yanaşmaq düzgün deyil. Lakin komanda birdən qurulmur. Komandada stabillik çatışmır. Bu da, zamanla düzələcək.

 

- İcarəyə götürülən legionerlərin taleyi necə olacaq?
- Legioner cəlb etmək asan deyil. Bəziləri ancaq komandanın pulunu sayır. Şıkovun aldığı maaşı bu saat 3-4 oyunçu alır. Flavinyo 800 min manat maaş alırdı. Mən də istəyərdim ki, onun kimi oyunçularım olsun. Bizdə maliyyə deyildiyi qədər yüksək deyil.

 

- Ancaq nəzərə alın ki, “Sumqayıt”, “Zirə” kimi komandalarda da maaş yüksək deyil. Bu baxımdan azarkeşlərin “istefa” şüarlarını haqlı saymaq olar?
- Mən onları azarkeş saymıram.

 

- “Forza Neftçi”ni azarkeş saymırsız?
- Yox. Mən onları fanklub saymıram. Sumqayıtda komanda məğlub olanda “istefa” deyib qışqırırsansa, mən onları azarkeş saya bilmərəm. Xuliqan dəstədi. Gəlib doğma komandalarının oyunçularına qarşı etik olmayan ifadələr işlədirlər.

 

- Qorxmursuz ki, bu fikirlərinizdən sonra sizə münasibət daha da pisləşər?
- 15-16 yaşlı uşağın nəyindən qorxum? “Sumqayıt”la oyunda məndən arxada dayanaraq, təhqiramiz ifadələr işlədirlər.

 

- Kamran Ağayevin növbəti mövsümdən “Neftçi”də çıxış edəcəyi deyilir. O, hazırda sizin düşərgənizdədi?
- Kamran yaxşı qapıçıdı. Ancaq onun klubuyla müqaviləsi var. Xeyr, bizimlə məşq etmir.

 

- Oyundan razı qaldığınızı dediz. Ancaq nəzərə alın ki, bu, çempionat oyunu deyildi. Komandaya qələbə lazım olsa da, iki hücumçuyla oynamadız...
- Oyunun statistikasına baxın. Bilmirəm, siz oyuna hansı gözlə baxırsız. Bu oyun məni tam razı saldı. Qol olsaydı, deyərdim əladı. Ancaq indiki məqamda deyirəm yaxşıdı. Bizdə ağıllı adam çoxdu. Demək asandı. Sizə qələm verib, desəm ki, heyəti qurun, neçə saat fkirləşəcəksiz. Limitə görə heyəti qurmaq çətindi. “Qarabağ” da güclü rəqibdi.

 

- Keçən dəfə “Neftçi”ni sevməyənlər olduğunu demişdiz. Bu gün də azarkeşləri günahlandırırsız. Sizcə, “Neftçi”nin xalqın sevgisini itirməsinə səbəb nədi?
- Azarkeşlərin çoxu 15-16 yaşlı uşaqlardı. Onları da öyrədən var. İstəməzdim ki, onları bu cür öyrətsinlər. 14 yaşlı uşaq nə bilir, istefa nədi. Kimlərin öyrətdiyini bilmirəm. “Qəbələ”yə qalib gələndə həmin azarkeşlər məni tərifləyirdi. Ancaq məğlub olan kimi başlayırlar təhqir etməyə. Elə adam var ki, mən bura gələndən deyir ki, bu komandaya layiq deyiləm. Onları başa düşmək olar. Ancaq tez-tez fikir dəyişdirmək düzgün deyil.

 

- Qış fasiləsindən sonra ilk üçlükdən kənarda olan komandalardan maksimum xal alacağınızı, bu olmasa, məşqçilikdən gedəcəyinizi demişdiz...
- Bilirsiz, kim nə gəldi deyir. Mətbuatda yazılmışdı ki, guya mən demişəm ki, “Qarabağ”ı 3:0 hesabıyla məğlub edəcəyik. Ancaq mən belə söz deməmişəm. Mən demişəm ki, şansımız bitməyib, davam edir. Çox misal çəkə bilərsiz.

 

- Bəs günahkar kimdi?
- Mən özümü günahkar saymıram. Mən komandaya gələndə, AZAL-ın bizi keçəcəyini düşünürdülər. Mənim yerimə başqası bu nəticələri qazansaydı, özünə qızıldan heykəl qoyardı. Mənim qarşıma avrokuboklara vəsiqə vəzifəsi qoyulsaydı, ümumiyyətlə komandaya gəlməzdim. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti