Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə “Qəbələ”ylə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Gərgin və maraqlı oyun alındı. Oyunçulara təşəkkür edirəm. Xal fərqinə baxmayaraq, gələn oyunlara köklənəcəyik.
- Qəbələdəki oyundan sonra Ndlovu demişdi ki, Suraxanıdakı oyunu “Qəbələ” üçün cəhənnəmə çevirəcəyik...
- Suraxanıdakı oyunu demişdi, burdakını yox (gülür).
- Komandanın yay hazırlıq planı bəllidi?
- Cari mövsüm çox gərgin keçdi. Əvvəllər belə olmamışdı. Yayda əsas oyunçuların istirahətinə üstünlük verəcəyik. Əsasən, yığmanın oyunçuları çox gərgin mövsüm keçirdilər. Zədələrin də çoxu bu gərginlikdən irəli gəlir. Düzdü, hələ ki, bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik.
- Riçard Almeydanın durumu necədi?
- Normaldı. Yaxşılığa doğru gedir. “İnter”lə oyuna hazır ola bilər.
- Çempionatın gərgin keçdiyini dediz. Siz həm də, AFFA İcraiyyə Komitəsinin üzvüsüz. Belə fikri komitənin iclasında da səsləndirsəz, komanda sayının indiki kimi saxlanmasının daha yaxşı olduğu fikri yarana bilər. Bir də, çempionatın sonunda komandadan ayrılacaq oyunçuları müəyyənləşdirmisiz?
- Mən həmişə çempionatdakı komandaların sayının artırılmasının tərəfdarı olmuşam. Ancaq məsələyə real baxmalıyıq. Bu gün komandalarda vəziyyət heç də yaxşı deyil. Hətta bəzi komandalara AFFA SOCAR vasitəsilə kömək edir. Lakin cari çempionat çox gərgin keçir. Bunu etiraf etməliyik. Mövsümün sonunda dəyişikliklər olacaq. Futbolçuların sayını çoxaltmağa çalışacağıq.
- Qara Qarayevin müqaviləsi mövsümün sonuna kimidi. Onun komandadakı gələcək taleyi necə olacaq?
- Qara qarabağlıdı. Müqavilə ilə bağlı problem yoxdu. Ümumiyyətlə, müqavilə yenilənəcək oyunçu çoxdu. Biz onlara, onlar da bizə inanırlar.