"Çox yaxşı komandamız var" - Biro Jade - AÇIQLAMA

10:19 12 Aprel 2017

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində bu gün keçirilmiş Macarıstan - Azərbaycan oyunundan (1:6) sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildiriblər.

 

Sportarena.az məşqçilərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:  

 

Sito Rivero (Macarıstan millisinin baş məşqçisi): “Həm qələbə, həm də final mərhələsinə vəsiqə qazanması münasibətilə Azərbaycan milli komandasını təbrik edirəm. Oyuna gəldikdə, ikinci hissənin ortalarına qədər 5-in 4-ə çıxış edirdik. Hiss edirdim ki, oyunçularım əsəbi və gərgindirlər. Rəqibin vurduğu dördüncü qoldan sonra mübarizə bizim üçün bitdi. Azərbaycan millisinin üzvləri yüksək səviyyədə çıxış etdilər və onlar istənilən rəqibə qarşı mübarizə aparacaq gücdədirlər. Biz isə pley-off mərhələsindəki rəqibimizi gözləyəcəyik”.
 

Biro Jade (Azərbaycan millisinin baş məşqçisi): “İlk növbədə hər zaman bizimlə olan, dəstək verən AFFA-nın baş katibi Elxan Məmmədova, Futzal Federasiyasının prezidenti Zaur Axundova təşəkkür edirəm. Eyni zamanda məşqçilər heyətinə, komandanın bütün işçilərinə, təkcə bu gün oynayan yox, bütün futzalçılara çox sağ ol demək istəyirəm. Bu qələbədə hər kəsin payı var.

Oyun haqda danışarkən, qeyd etməliyəm ki, futzalçılarla psixoloji baxımdan mütəmadi söhbət edirdik. Çünki Bosniya və Herseqovina, eləcə də Albaniya ilə matçdan sonra bildirmişdim ki, meydan sahibi olan komandanın üzərində təzyiq olur. Vacib olan o təzyiqdən qurtulmaq və rəqibin səhvlərindən yararlana bilməkdi. Bu gün isə çox diqqətli idik. Düşünürəm ki, bu da böyük fərq yaratdı. Hətta hesabda geri düşdükdən sonra da oyunçularıma sakit olmalarını tapşırdım. Rəqib cəmi bir epizod yaratdı və qol vurdu. Amma oyuna nəzarət bizim tərəfimizdə idi. Əlimizə düşən imkanlardan yararlandıq və asan qələbə qazandıq.

Futzal dinamik oyundu, gərək fürsəti əldən verməyəsən. Çünki epizod yaradıb qol vura bilməyəndə, rəqib sizi cəzalandırır. Çox yaxşı komandamız var. Tapşırıqları düzgün yerinə yetirdilər, müdafiədə diqqətli oynadılar və imkanları vaxtında dəyərləndirdilər. Bütün bunlar bizim fəlsəfəmizi əks etdirir”.


Digər xəbərlər

Xəbər xətti