Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyində iştirak edən Azərbaycan yığma komandası Bakıya qayıdıb.
Sportarena.az xəbər verir ki, böyük nüfuza malik, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi yarışın nəticələri bizim üçün uğurlu alınıb. Belə ki, yığmamızın üzvləri öz çıxışları ilə ölkəmizin xal ehtiyatını çoxaldıb və gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarında iştiraka imkan verən 1 lisenziyaya sahib çıxa biliblər. Dünən günorta saatlarında isə komanda vətənə dönüb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında digər yaş qrupları üzrə yığmalarımızın üzvləri, məşqçilər və rəsmilər tərəfindən qarşılanan millinin əhval-ruhiyyəsi xoş olub. Yığmamızın üzvü İsmayıl Məmmədov, məşqçi Asif Məmmədov və federasiyanın baş katibi Rizvan Rəsulov AAAF TV-yə açıqlama verərək dünya birinciliyi ilə bağlı təəssüratlarını bölübüşlər. Müsahiblər qeyd ediblər ki, millimizin potensialı böyükdür və yeniyetmə atletlərimizin nəinki öz həmyaşıdları, həmçinin gələcəkdə daha böyük yaşlı rəqibləri ilə mübarizəyə hazır olduqları məhz bu birincilikdə sübut olundu. Bildirildi ki, Buenos-Ayesdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarında da medal qazanma şansımız var və yaxşı hazırlaşaraq bu istəyimizə nail ola bilərik.
Daha sonra, ağır atletika yığmasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında federasiyanın rəhbər heyətinin üzvləri ilə görüşü baş tutub. AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov hər kəsi salamlayıb və təbriklərini çatdırıblar. Tailandda keçirilən dünya birinciliyinin nəticələri müzakirə olunub.
Görüş zamanı Tofiq Heydərov yarışa yollanmazdan əvvəlki və sonrakı hisslərini bölüşüb. Həm də yığmamızın baş məşqçisi olan mütəxəssis bildirib ki, Tailanda getməzdən öncə, 1 lisenziya verən 17-ci yeri belə uğur saysaq da, yarışın gedişində maksimal – 2 lisenziya haqda rahatlıqla düşünməyə başlamışdıq: “Hətta bir ara ümumi sıralamada 5-ci yerdə olmağımız buna rəvac verirdi. Hər halda, 1 lisenziya da böyük uğurdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa ölkələri arasında Rusiya və Türkiyədən sonra 3-cü pillədə qərarlaşdı. Bu, bizə gələcəyə böyük ümidlərlə baxmaq imkanı verdi. Hazırkı yeniyetmə yığmamızın üzvləri həmyaşıdların 1, hətta iki yaş kiçikdirlər. Onları körpücük üzərində qaldırdıqları çəkilər də çox yaxşı inkişafdan xəbər verir. Bir sözlə, bu yarış bizim üçün uğurlu alındı və həm nəticə, həm də perspektiv baxımında irəliyə doğru böyük addım atdıq. Atletlərimizin əsasən 7-10-cu yerləri tutması isə bizim üçün elə medal deməkdir. Bu nəticələri biz bürünc medal kimi qiymətləndiririk və məhz bürünc medal üçün nəzərdə tutulan mükafatı bu gün təqdim edirik. Azərbaycan yığması sübut etdi ki, dopinqsiz də nailiyyət əldə etmək, komanda şəklində uğura nail olmaq olar”.
Daha sonra Tailandda çıxış etmiş atletlər və onların məşqçilərinə pul mükafatı və mənzil sertifikatları təqdim edilib.