Sabah ölkə çempionatının I divizionda 24-cü tur davam edəcək. "Səbail" "Zaqatala"nın qonağı olacaq.
Sportarena.az xəbər verir ki, bakılılar bu gün səhər saatlarında Zaqatalaya çatıb. "Aslanlar" günorta saatlarında Zaqatala şəhər stadionunda məşqə çıxıb. Çalışmalar təxminən 40 dəqiqə davam edib.
Qonaqların heyətində yeganə zədəli oyunçu Eltun Yaqubludur ki, müdafiəçi komandayla birgə səfərə aparılmayıb. "Mil-Muğan"la matçda sıradan çıxan digər müdafiəçi Qvanzav Maqomedov isə komandayla birgə Zaqataladadır və sabah baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxa biləcək.
Qeyd edək ki, sabah saat 15:30-da start götürəcək oyunun baş hakimi Elvin Əsgərov olacaq. Ona Yaşar Abbasov, Rahil Ramazanov və Xəlil Xəlilov kömək edəcəklər.