Bəxtiyar Musayev: "Bəzi şeylər var ki, onlar bizdən asılı deyil" - MÜSAHİBƏ

05:17 15 Aprel 2017

Azərbaycanın Birinci divizionunda 24-cü tura dünən yekun vurulub. Turun mərkəzi matçı Zaqatalada keçirildi. Rayonun eyniadlı təmsilçisi "Səbail"lə qarşılaşdı. Ev sahibləri qələbə qazanıb ikinci pillə uğrunda mübarizə aparmaq şanslarını yaxşılaşdırmaq istəsələr də, bunu bacara bilmədilər. Qeydə alınan 1:1 hesablı nəticə ikinci pillədə qərarlaşan paytaxt klubunun xeyrinə oldu.

 

Fasilə zamanı stadionda maraqlı məqamlar axtararkən "Zaqatala"nın idman direktoru Bəxtiyar Musayevlə qarşılaşdıq. Məni görən kimi üzündə təbəssüm yaranan klub rəsmisi xoş gəldin edib, kef-əhvalımı soraqladı. Komandası fasiləyə üstün yollandığından (1:0) əhvalı yaxşı idi. Elə bu məqamdan istifadə edib oyun sonu üçün müsahibə vədi aldım. Musayev oyundan sonra Bakıya yola çıxmalı olduğunu bildirərək tələsdiyini ifadə etdi. Bununla belə stadionun foyesində olacağını, bildirdi. Matç qurtaran kimi vədələşdiyimiz yerdə idi. Sözünə sadiq qalıb komandanın çıxışı barədə söhbətləşdik. Amma bu dəfə kefi heç də yaxşı deyildi.

 

- Öncə bu günki oyunu barədə fikirləriniz öyrənərdik. Komandanın çıxışından razı qaldız?
- Birinci hissə üçün hə. İkinci hissədə isə komanda yorğun olduğundan top itkilərimiz çox oldu. Buna görə də üstünlüyü rəqibə verdik.  Sadəcə birinci hissədən razı qaldım.

 

- Artıq mövsüm başa çatmaq üzrədi. Komandanın ümumi çıxışı barədə nə deyə bilərsiz?
- Daha artığını gözləyirdim. İkinci dövrədəki çıxışımız məni qane etmədi. Çoxlu xal itkilərimiz oldu. Rəqiblərə asanlıqla xallar hədiyyə etdik. Ona görə də belə vəziyyət yarandı.

 

- Məqsədiniz nə idi?
- Mövsümü ikinci pillədə başa vurmağı hədəfləyirdik.

 

- Komandada hədəflədiyiniz nəticəni toplamaq üçün nə çatışmadı?
- İkinci dövrədə zədəlilərimiz çox oldu. Xüsusilə qış fasiləsindən dərhal sonra Arzuman Nəsibov və Hacı Əhmədovun zədələnməsi komandaya ciddi şəkildə təsirini göstərdi. Bununla belə vəziyyətdən çıxmalı idik. Təssüflər olsun ki, istədiyimiz nəticəni qazana bilmədik.

 

- Hər şeyə rəğmən, "Zaqatala"nın Premyer Liqada çıxış etmək şansı qalır...
- Hələ yüksək liqada çıxış edib-etməyəcəyimiz bilinmir. "Zaqatala"nın Premyer Liqada çıxışına icazə verilsə, komandada dəyişikliklər olmalıdı. Bu bölgədə futbola böyük maraq var. Bunu özümüz də görürsüz. Komandanın oyunlarına çox sayda azarkeş gəlir. Futbol adına hər cür şəraitimiz - stadionumuz, infrastrukturumuz var. Klub Premyer Liqa standardlarına cavab verir. Amma bəzi şeylər var ki, onlar bizdən asılı deyil.

 

- Yəqin maliyyəni nəzərdə tutursuz...
- Bəli, elədi. Maliyyə mütləq olmalıdı. Ümid edirəm ki, yeni mövsümdən bu bölgə yüksək liqada təmsil olunacaq. 

 

- Maliyyə məsələsi həll olunsa, "Zaqatala"nın indiki heyətindən Premyer Liqada sizinlə yola davam edəcək futbolçular varmı?
- Əlbəttə var. Bəzi futbolçular Premyer Liqada oynaya biləcək gücdədilər. Həmin oyunçuların hər biri ilə söhbət etmişik. Bildirmişik ki, özünüzə diqqət yetirsəz, yüksək liqada rahatlıqla çıxış edə bilərsiz. Fərqi yoxdu bizdə və ya başqa klubda oynasınlar. Əsas odu bunu dərk etsinlər. Bunun üçün çox çalışmaq və psixoloji fikirləri dəyişmək lazımdır. Bu günlə yaşamamalı, irəli baxmalıdılar.

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti