Birinci divizionun 24-cü turunun "Zaqatala" - "Səbail" matçından sonra (1:1) yerli komandanın futbolçusu Emin Mehtiyev Sportarena.az saytına müsahibə verib. O, öncə matçla bağla fikirlərini bölüşüb.
- Birinci hissə bizim üçün yaxşı keçdi. Bütün gücümüzü ortaya qoyduq və nəticədə hesabı açdıq. Ancaq ikinci hissədə "Səbail" özünə gəlməyi bacardı və bərabərlik qolunu vurdu. Fikrimcə, komandaların oyununa görə nəticə ədalətli oldu.
- Üstünlüyü əldən verməyinizə səbəb nə oldu?
- Birinci hissədə bütün gücümüzlə oynamağımız buna səbəb oldu. İkinci hissədə çor yorğun idik. Mən də daxil olmaqla bütün komanda yoldaşlarım çoxlu top itkisinə yol verdik.
- İkinci yarıda yorğun olduğunuzu söyləyirsən. Buna rəğmən, rəqibə açıq oyun təklif edirdiz. Bu məşqçinin tapşırığı idi?
- Xeyr, hesabda öndə olarkən ikinci qolu vurmağa çalışırdıq. Ona görə hücumlarımızı davam etdirirdik. "Səbail"in futbolçuları da qol şansları əldə edirdi. Bizdən fərqli olaraq rəqib istəyinə çatdı.
- Premyer Liqa təcrübəsinə sahib olan bir futbolçu kimi nə düşünürsən, "Zaqatala" bu heyətlə orada oynaya bilər?
- "Zaqatala" Premyer Liqaya vəsiqə qazansa, böyük ehtimalla komandada dəyişikliklər olacaq. Mümkün dəyişiklikləri nəzərə alsaq, əlbəttə oynaya bilər. İndiki heyətlə də çıxış etmək mümkündü. Amma dəyişikliklər lazımdı.
- Premyer Liqanın çempionu olmuş, Avropa Liqasının qrup mərhələsində, "San Siro"da "İnter"ə qarşı meydana çıxmış futbolçunun Birinci divizionda oynaması sənə qəribə gəlmir?
- Əlbbəttə qəribə gəlir. Amma Birinci divizionda oynamaq daha çətindi, nəinki Premyer Liqada. Çünki divizionda taktika anlayışı yoxdur, futbol düşüncəsi zəif olur. Eyni zamanda, daha çox kobud oynayırlar. Bir nəfərin üstünə beşi gəlir. Premyer Liqada isə hər komandanın oyun üslubu var, oyunçular peşəkardılar və qayda-qanunu yaxşı bilirlər. Rahat oynamaq və özünü göstərmək imkanına sahib olursan.
- Necə oldu ki, karyera baxımından daha da irəliləmək əvəzinə gerilədin?
- Qismət, qismətdən artıq yemək olmaz. Tezliklə Premyer Liqaya qayıdacağıma ümid edirəm. Buna inanıram.
- Bəs Birinci diviziona gəlməyinə səbəb nə oldu?
- "Sumqayıt"da yaxşı çıxış edirdim. Amma birdən birə baş məşqçi Samir Abasovla münasibətlərim pozuldu. Buna ardıcıl iki oyunda qırmızı vərəqə almağım səbəb oldu. Bundan sonra komandadan ayrılmalı oldum. Ardıcıl iki dəfə meydandan qovulmağım baş məşqçinin mənə münasibətini dəyişdi. İstəmədən oldu, təsadüf nəticəsində. Sonra da "Zaqatala"dan təklif gəldi.
- "Neftçi"dən ayrıldığın zaman bu klub səni buraxmaq istəmirdi. "Sumqayıt"la müqavilə bağlasan belə, səni komandayla yay toplanışına aparmaq istəyirdilər...
- Bəli, elə bir məsələ vardı. Sadəcə "Sumqayıt"la müqavilə imzalamamışdım. Bütün məsələlərdə razılığa gəlmişdik, bununla belə müqaviləmiz rəsmiləşməmişdi. Ona görə də "Neftçi" rəhbərliyi məni komandada saxlamağa çalışırdı. Mən isə daha çox oynamaq istəyirdim. Ona görə "Sumqayıt"ı seçdim.
- Səni az qala meydanın hər yerində görmüşük. Hücumçu kimi tanımağa başladığımız bir vaxtda sağ cinah müdafiəçisi kimi oynamağa başladın. Eyni zamanda, digər mövqelərdə...
- Hər şey məşqçinin qərarından asılı oldu. Mənə hansı mövqedə şans verdilərsə, orada oynadım və özümü göstərməyə çalışdım. Universal olmaq hər bir futbolçunun əlavə üstünlüyüdü. "Neftçi"də hər mövqedə oynadım. Burda isə cinah yarımmüdafiəçisi kimi çıxış edirəm.
- Bəs sənə hansı mövqe rahatdı?
- Yarımmüdafiənin cinahlarında oynamaq mənə daha rahatdı.
- Mövsüm bitir, təkliflər almısan?
- Hələ ki yox. İndi bütün diqqətimi "Zaqatala"ya yönəltmişəm. Mövsümün sonunda klubumla danışacam və ona uyğun qərar qəbul edəcəm. Öncəliyim "Zaqatala"dı.
Heybət Məmmədov