"Zaqatala"nın bombardiri: "Türkiyədən və Norveçdən təkliflər var" - MÜSAHİBƏ

10:04 15 Aprel 2017

Son zamanlar Zaqatala futbolunun öndə simalarından olan, eyni zamanda, 27 qolla Birinci divizionun bombardiri olan Oruc Balaşlı "Zaqatala" - "Səbail" matçından sonra (1:1) Sportarena.az saytına müsahibə verib. Ev sahiblərinin matçda vurulan yeganə qollunun müəllifi olan forvard ona gələn təkliflər barədə danışıb.

 

- Öncə oyun haqqında fikirlərin...
- İki-üç həftə idi bu oyuna hazırlaşırdıq. Qələbə qazanmaq arzusunda idik. Oyuna yaxşı da başlamışdıq. Ancaq sonradan fiziki cəhətdən çatdırmadıq və nəticədə hesabdakı üstünlüyümüzü əldən verdik. İkinci hissədə oyunumuz alınmadı. İkinci qolu vursaydıq, hər şey başqa cür olacaqdı.

 

- Bu suala hücumçu kimi cavab verməyin yaxşı olar. İkinci qolu vurmağınıza nə mane oldu?
- Hər şey normal idi. Sadəcə yorulduqdan sonra çatdıra bilmədik. Hücuma az futbolçu ilə keçirdik. Çoxala bilmirdik. Məncə əsas səbəb bu idi.

 

- Artıq neçə illərdi əvəzedicilərin çempionatında və Birinci divizionda qollarını sıralıyırsan. Düşünmürsən ki, Premyer Liqada oynamağın vaxtı çatıb?
- Artıq bu barədə düşünürəm. Əsas məqsədim "Zaqatala" ilə Premyer Liqaya yüksəlməkdi. Komandam Premyer Liqaya yüksəlməsə belə orada oynamağı düşünürəm. Artıq 23 yaşım var. Vaxt itirməməliyəm.

 

- Maraqlananlar və ya təklif göndərənlər var?
- Var. Adlarını açıqlama istəmirəm. Premyer Liqa klubları maraqlanıblar.

 

- Bəs ölkə xaricindən necə?
- Türkiyədən və Norveçdən təkliflər var.

 

- Adlarını açıqlaya bilərsən?
- Xeyr, amma deyə bilərəm ki, maraqlananlar arasında ölkəsinin yüksək liqasında çıxış edən klub da var.

 

- Bu təkliflər indi də qüvvədədi? Bu barədə nə düşünürsən?
- Təkliflər qüvvədədi. Sadəcə mövsümün sonunu gözləyirəm. Vəziyyətə uyğun davranacam

 

- "Zaqatala" Premyer Liqaya yüksəlsə, qalacaqsan?
- Qalacam. Başqa kluba keçməyəcəm.

 

- Bəs yüksəlməsə?
- Müqaviləm bitmək üzrədi, təklifləri dəyərləndirəcəm.

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti