İspaniyanın “Valensiya” klubu həqiqətən də Robert Prosineçki ilə maraqlanıb. Klubun idman direktoru bu barədə şəxsən mənimlə danışıb”.
Sportarena.az xəbər verir ki, bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır deyib. Türkiyəli menecer bildirib ki, hazırda İspaniyada olsa da, səfərinin məqsədi “Valensiya” ilə danışıq aparmaqdan ibarət deyil. "Burada başqa işlərim var" söyləyən Y.Çalışır R.Prosineçkinin "yarasalar"la anlaşmasının nə dərəcədə mümkünlüyü məsələsinə belə reaksiya verib:
"Prosineçkinin Azərbaycan yığması ilə müqaviləsi var və rəsmi təklif almamışıq. "Valensiya"nın Prosineçki ilə maraqlanması onun Azərbaycan milli komandasından ayrılıb, İspaniyaya yollanacağı anlamına gəlməməlidir. Prosineçki yaxşı mütəxəssisdir. Onunla çox klub maraqlana bilər və maraqlanırlar da. Lakin bu məsələlər meneceri olaraq, mənim üzərimə düşən bir işdir. Prosineçkinin bu cür söhbətlərdən xəbəri yoxdur. O, yalnız Azərbaycan milli komandasını və 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə oyunu düşünür. Futbol üçün bu cür şeylər normaldır. Klublar məşqçilərin xüsusiyyətləri ilə maraqlana bilərlər. Həmçinin, mütəxəssislər də özlərinə uyğun klublarda çalışmağa üstünlük verərlər”.
Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası ərzində İspaniyada "Real Madrid", "Barselona" və "Sevilya"nın formasını geyinib. O, Azərbaycan millisinə 2014-cü ilin dekabrından rəhbərlik edir. R.Prosineçkinin müqaviləsinin müddəti 2017-ci ilin dekabrında başa çatır.