Milli komandamızın baş məşqçisi Robert Prosineçki növbəti mövsümdən etibarən Türkiyənin "Bursaspor" klubunu çalışdıracaq.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı qonşu ölkənin mətbuatı yazıb. "Ağ-yaşıllar" Mutlu Topçunu baş məşqçi postuna gətirdikdən sonra da uğursuz çıxış davam etdiyi üçün yeni məşçi axtarışındadı.
"Fanatik" nəşrinin iddiasına görə, "Bursaspor"la Prosineçki arasında artıq razılıq əldə edilib. Xorvat mütəxəssis növbəti mövsümdən etibarən Bursa təmsilçisini çalışdırmaqla bağlı söz verib.
Məsələ ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Qurum rəsmisi saytımıza açıqlamasında yayılan xəbərləri təkzib etdi:
"Bu xəbərlər bir müddət əvvəl də yayılmışdı. Bu, mümkün deyil. Robert Prosineçkinin federasiya ilə müqaviləsi 2017-ci ilin sonuna qədərdir".