"Ad baxımından ən çətin komandalar bizə düşüb" - Yaşar Vahabzadə - AÇIQLAMA

16:54 3 May 2017

Bu gün Bakıda keçiriləcək İslamiadada mübarizə aparacaq futbol üzrə U-23 millimizin baş məşqçisi Yaşar Vahabzadənin mətbuat konfransı təşkil olunub.

 

Sportarena.az xəbər verir ki, Vahabzadə millinin yarışdakı hədəflərindən danışıb:

 

“Mətbuatdan da oxumuşuq ki, artıq oyunlarımıza bilet qalmayıb. Əsas məqsədimiz yaxşı oynamaq və qrupdan çıxmaqdı. Bundan sonrasına həmin vaxt baxarıq.

 

Düzdü, hələ rəqibləri görməmişik. Amma ad baxımından ən çətin komandalar bizə düşüb. Kamerun yığmasının ayın 5-də “Sumqayıt”la yoldaşlıq görüşünü izləyəcəm. Səudiyyə Ərəbistanı və Mərakeşin oyununu da ilk turda görəcəyik.

 

Ümumiyyətlə, rəqiblərin kimliyindən asılı olmayaraq, bütün qarşılaşmalarda öz bacarığımızı nümayiş etdirməyə çalışacağıq. Qrupumuzdakı komandaların heyətlərinə nəzər yetirmişik. Çağırılan oyunçuların adları elə də tanış deyil. Amma bildiyim qədəriylə Kamerunun heyətində “Monako”, “Kayzerslautern” kimi klublardan oyunçular var. Bakıya skautların da gələcəyini nəzərə alsaq, o futbolçuların məhz bu turnirdən sonra daha da populyarlaşacaqları istisna deyil”.

 

İslam Həmrəyliyi Oyunlarının futbol matçları mayın 8-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti