Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun ikinci mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, cari mərhələdə velosipedçilər Şıxovdan start götürərək 187 kilometr məsafə qət edərək İsmayıllıya çatıblar. Bu mərhələdə finiş xəttini ilk keçən Azərbaycanı təmsil edən “Synergy Baku” komandasının üzvü Kiril Pozdnyakov olub.
İştirakçılar üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.
Qeyd edək ki, yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.