Yığmanın Şimali İrlandiya ilə vacib oyunu yaxınlaşdıqca önəmli bir sual yenidən gündəmə gəlir: Riçard Almeyda britaniyalılara qarşı oynaya biləcəkmi? “Qarabağ”ın braziliyalısının “milliləşdirilməsi” yönündə işə hələ aylar öncədən start verilib.Hətta baş məşqçi bir az da irəli gedərək Riçardı martın əvvəlində - Qətərlə yoldaşlıq görüşündən öncə Bakıda baş tutan hazırlığa da dəvət etmişdi.
Məqsəd futbolçunu ab-havadan xəbərdar etmək, millinin forması ilə məşqə çıxmasına şərait yaratmaq idi. Lakin o vaxtdan bu yana Almeydanın yığmadakı gələcəyindən xəbər yoxdu. Yarımmüdafiəçinin ölkənin bir nömrəli komandasında görünməsi üçün “Qarabağ”da çıxış etməsinin 5 ili tamam olmalıdı. Həmin vaxta isə hələ iki ay var. Dəqiq desək, iyuldan etibarən Riçardı “azərbaycanlı” saymaqda problem olmayacaq. Elə qeyri-müəyyənlik yaradan məsələ də budu.
Görəsən, FİFA-da bu işlə məşğul olanlar braziliyalının “milliləşdirilməsi” üçün bir-iki ay güzəştə gedəcək, yoxsa tarix günbəgün hesablanır? Hətta “hə” deməsələr belə, Robert Prosineçki Almeydanı millinin toplanışına cəlb edəcəkmi? Deyək ki, hazırlıq mayın 15-də start götürəcək. “Qarabağ”lılar isə istirahətə mayın 5-də, kubokun final qarşılaşmasından sonra buraxılacaq.
Riçarda mövsümün yorğunluğunu çıxarmaq üçün 20 gün kifayət etdiyini nəzərə alsaq, mayın 25-də birbaşa Avstriyaya yollanıb yoldaşlıq görüşlərində iştirak edə bilər. Hətta Şimali İrlandiya ilə matçda iştirakına icazə verilməsə belə, payızda San Marino və Çexiya ilə ev, Almaniya və Norveçlə səfər oyunlarında meydana çıxması mümkün olacaq. Belədisə, indidən yığmayla birgə olmasının nəyi pisdi?
Vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirmək üçün öncə “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq:
“AFFA bizdən Riçardla bağlı sənədləri istəmişdi. İndiyə kimi bağlanan müqavilələrin başlama-bitmə tarixləri və s. Biz də həmin sənədləri AFFA-ya göndərdik. Şimali İrlandiya ilə oyunda iştirak edə biləcək, ya yox – buna biz cavab verə bilmərik. Çünki bu işlə məşğul olmuruq. Bildiyim odu ki, məsələylə bağlı proses davam edir. Yəni bu günün, dünənin işi deyil. Assosiasiya Almeydanın “milliləşdirilməsində” maraqlıdı”.
“Qarabağ”dan lazım olan məlumatı ala bilmədiyimizdən, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərli Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Təəssüf ki, qurumun sözçüsü də konkret bilgi verə bilmədi:
“Məsələ AFFA-nın diqqətindədi və bununla bağlı proses davam edir. Şimali İrlandiya ilə oyuna qədər yekunlaşacaq, ya yox – bu haqda məlumat verə bilməyəcəm. Dəqiq bilgi olan kimi ictimaiyyətə çatdırılacaq. Yığmanın toplanışında iştirak edib-etməyəcəyinə isə baş məşqçi qərar verəcək. Çünki heyəti açıqlayan şəxs Robert Prosineçkidi”.
(Futbol+)