Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yüksək mükafatı ilə təltif olunub.
Sportarena.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər ki, bu qərar FIG Şurasının Bakıda keçirilən iclasında qəbul edilib. FIG-nin ikinci rəhbər orqanı olan bu Şuranın tərkibi Federasiya Konqresi tərəfindən seçilir. İldə bir dəfə Şuranın iclasları təşkil olunur.
2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-nin ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-nin texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən M.Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib.
M.Vatanabe Azərbaycan Gimnastika Federasiyanın prezidenti, ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olunduğunu bildirib.