"Türkiyəli idmançıları dünyanın heç bir yerində Bakıdakı kimi qarşılamayıblar. Biz türk dünyasının ulu öndəri Heydər Əliyevin “Bir millət – iki dövlət” sözlərinin həqiqiliyinə bir daha əmin olduq".
Sportarena.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışlarının qalibi Ömər Ağgün söyləyib. Türkiyəli idmançı “Bakı-2017” yarışlarının təşkili ilə bağlı təəssüratlarını bölüşərək deyib:
“Hər şey çox gözəl təşkil edilib. Nəhəng idman qurğuları, məşq zalları ən müasir trenajorlarla təchiz edilib. Yeməkxana fasiləsiz işləyir. Burada həm Avropa, həm də Azərbaycan yeməkləri təqdim olunur. Azərbaycan mətbəxi Türkiyə mətbəxinə yaxındır. Buna görə də özümüzü evimizdəki kimi hiss edirik. Ümumiyyətlə, Bakıda atletlər üçün hər cür şərait yaradılıb".