Azərbaycanın 4 cüdoçusu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bugünkü yarışında finala yüksəlib.
Sportarena.az xəbər verir ki, mübarizəyə 1/4 final mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) əvvəl Toqo idmançısı Noeline Essohanam Koronu, sonra əlcəzairli Sonya Aselanı ipponla məğlub edərək finala çıxıb. O, həlledici görüşdə türkiyəli Kayra Sayıtla qarşılaşacaq.
Kişilər arasında 90 kq-da mübarizə aparan Məmmədəli Mehdiyev 1/4 finalda Mixail Marçitan (BƏƏ) və yarımfinalda türkiyəli Batuhan Efemgilə qalib gəlməklə finala adlayıb. Həlledici görüşdə cüdoçumuzun rəqibi Əlcəzair təmsilçisi Abderrahman Benamadi olacaq.
Kişilərin yarışında 100 kiloqram çəkidə çıxış edən sonuncu Avropa çempionu Elxan Məmmədov da finala adlayıb. 1/4 finalda Səudiyyə Ərəbistan idmançısı Sultan Manianı udan cüdoçumuz yarımfinalda Özbəkistan təmsilçisi Viktor Demyanenko üzərində təmiz qələbə əldə edib və finala adlayıb. Onun finaldakı rəqibi digər təmsilçimiz - Əli Ərdoğan (Türkiyə) və əlcəzairli Lyes Bouyakubla görüşdən qalib Elmar Qasımov olub.