"Bir neçə zədəm var idi. Hazırlığı bir qədər zəif keçmişdik".
Sportarena.az xəbər verir ki, Bunu "Report"a "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəki dərəcəsində bürünc medal qazanan paracüdoçu İlham Zəkiyev deyib. Zəkiyevin sözlərinə görə, bilmədiyi səbəbdən püşkatmanın nəticəsi dəyişdirilib:
"İlk görüşüm özbəkistanlı idmançı ilə olmalı idi, amma nədənsə püşkatma dəyişildi. İranlı idmançını tanımırdım, amma o məni çox yaxşı tanıyır. Onu məğlub etdim. Yarımfinalda isə özbəkistanlı idmançı Şirin Şaripovla qarşılaşdım. O, Rioda 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlıya qalib gəlib bürünc medal qazanmışdı. Sonradan çəkisini bir qədər artıraraq bizim kateqoriyaya gəlib. Hakimlərin ona köməyi oldu. Məni itələyib tatamidə çıxarırdı və xəbərdarlıq ona verilməli halda, mənə verirdilər. Bir neçə xoşagəlməş hal oldu".
Bürünc medalçı görüşarası fasilələrin azlığından da şikayətlənib:
"Görüşarası fasilə çox az oldu. İranlı ilə güləşdim və bir görüş sonra məni yenidən çağırdılar. Cüdoda belə şeylər olmur. Ən azından 10 dəqiqə fasilə verilməlidir. Bu reqlamentdə də var. Bürünc medal uğrunda heç vaxt qarşılaşmadığım, amma yaxşı tanıdığım türkiyəli idmançı Dursun Hayranla güləşdim. Onun texnikasına bələd idim. Göründüyü kimi, onu məğlub edib bürünc medal qazandım. Yarışda hər hansı medal qələbə deməkdir. Mən bu qələbəmlə fəxr edirəm və onu xalqıma həsr edirəm".
İlham Zəkiyev həm özünün, həm də Kənan Abdullaxanlının Şirin Şaripova məğlub olmasının səbəblərini açıqlayıb:
"Şirin Şaripovun üstünlüyü ondan ibarətdir ki, mən heç görmürəm, amma o, sizdən də yaxşı görür. Komissiyadan necə keçib bilmirəm. İnşallah qızıl medalı ondan axirətdə alacam".