Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib.
Sportarena.az xəbər verir ki, təmsilçilərimiz ilk gündə 3 çəki dərəcəsində mübarizə aparıblar İdmançılarımızdan Fizam Mehtiyev mübarizəni erkən dayandırsa da, komanda yoldaşları Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb.
58 kq-dakı təmsilçimiz Fizam Mehtiyev yarışa 1/8 finalla başlayıb. Avropa üçüncüsü olan gənc taekvondoçu özbəkistanlı Niyaz Pulatovla döyüşüb. İlk hissədən geriyə düşən idmançımız vəziyyətdən heç cür çıxa bilməyib. Nəticədə 7:11 hesabı ilə məğlub olan Mehtiyev mübarizəni erkən dayandırıb.
54 kq çəki dərəcəsində yarışan Qaşım Maqomedov da İslamiadaya 1/8 finaldan start verib. Lakin o, komanda yoldaşından fərqli, uğurlu çıxış edib. Dünya çempionatının gümüş mükafatçısının ilk rəqibi pakistanlı Umar İqbal olub. İlk saniyələrdən təşəbbüsü ələ alan idmançımız pakistanlıya aman verməyib. 26:6 hesablı qalibiyyət Maqomedovun 1/4 finala adlaması ilə nəticələnib.
Taekvondoçumuz növbəti mərhələdə özbəkistanlı Şukrob Bobobekovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 22:22. Maqomedov əlavə edilmiş dəqiqələrdə qızıl xalla qalib gəlib (3:0).
İdmançımız yarımfinalda Dəniz Dağdelen (Türkiyə) önündə ciddi çətinlik yaşamayıb. Maqomedov 6:0 hesabı ilə öndə olarkən birinci hissədə zədələnən türkiyəli taekvondoçu mübarizəni davam etdirə bilməyib. Vaxtından əvvəl qələbə qazanan Azərbaycan təmsilçisi finalda iranlı Mehdi Eşaqiyə rəqib olub. Görüş təmsilçimiz üçün uğurlu başlamayıb. Lakin hesabda geri düşən taekvondoçumuz vəziyyəti öz xeyrinə dəyişsə də, sonradan yenidən üstünlüyü əldən verib. Görüş 21:21 hesabı ilə bitdiyindən qalib "qızıl xal"la müəyyənləşib. Əlavə edilmiş vaxtda isə rəqib daha dəqiq olub - 3:0. Maqomedov gümüş medalla kifayətlənib.
Qadınların mübarizəsində bir idmançımız dayanq üzərinə çıxıb. 57 kq çəkidə ölkəmizin şərəfini qoruyan Yaprak Eriş 1/4 final mərhələsindən başladığı yarışda ilk olaraq gücünü Pakistan taekvondoçusu Farsin Hamdaniyə göstərib. Başdan sona qədər rəqibinə aman verməyən Eriş 29:3 hesabı ilə qalib gəlib.
Millimizin üzvü yarımfinalda Tayebeh Parsa (İran) ilə üz-üzə gəlib. Gərginliyi ilə seçilən döyüş təmsilçimizin 14:12 hesablı qalibiyyəti ilə nəticələnib. Bununla finala yüksələn Eriş minimum gümüş medalı təmin edib.
O, həlledici görüşdə Türkiyə idmançısı Dürdanə Altunelə də gücünü göstərib. Təmsilçimiz rəqibini 5:4 hesabı ilə məğlub etməklə, çempion adını qazanıb. Bu, taekvondoda yığmamızın ilk mükafatı olub.