İslamiadanın qalibi Lənkəranda coşqu ilə qarşılandı - FOTOLAR

13:50 23 May 2017

Lənkəranlılar həmyerliləri, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, taekvandoçu Ramin Əzizovu təntənəli surətdə qarşılayıb. 

 

Sportarena.az xəbər verir ki, qarşılanma mərasimində icra hakimiyyətinin rəsmiləri, ailə üzvləri, şəhər sakinləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Raminin çempion olması münasibətilə qurban kəsilib. Daha sonra Ramin Əzizov, şəxsi məşqçisi Vüqar Sultanov və çempionu qarşılamağa gələnlər Lənkəran Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin ruhuna dualar oxuyublar.

 

Qeyd edək ki, Ramin Əzizov 2015-ci ilin yanvar ayında təlim-məşq zamanı ayağından ciddi zədə alıb və 2016-cı ilin sonuna kimi bərpa-müalicə prosesi keçib. Bu müddət ərzində bir çox mötəbər yarışlarda, xüsusən də Bakı 2015 İlk Avropa Oyunlarında çıxış edə bilməyib.

 

Ramin zədəsini bərpa edəndən sonra, yenidən rinqə qayıdıb. İslam Oyunlarında qələbəsi, onun zədəsini bərpa etdikdən sonra ilk böyük qələbədir.

 

Onu da əlavə edək ki, Əzizov taekvando üzrə Milli Komandanın kapitanıdır. Bundan başqa ağır-atletika üzrə Lənkəran rayonundan olan Əzimmova Səbinə (53 kq) və Fətullayev Rövşən (94 kq) bürünc medal qazanıb. (Qafqazinfo)

 



Digər xəbərlər

Xəbər xətti