İslam Həmrəyliyi Oyunlarının qalibi olan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə turnirlə bağlı AFFA-nın saytına açıqlama verib.
Sportarena.az xəbər verir ki, Vahabzadə açıqlamasında əsas millinin baş məşqçisi Robert Prosineçkiyə də təşəkkür edib:
“Bu vaxta qədər U-23 milli komandası mövcud deyildi. İslam Həmrəyliyi Oyunlarında iştirakla əlaqədar bu komanda yaradıldı və AFFA rəhbərliyi baş məşqçi vəzifəsini mənə həvalə etdi. Buna görə assosiasiya rəhbərliyinə təşəkkür edirəm. Təyinatıma təkan verən məqamlardan biri yaşla əlaqədar heyətə cəlb edilən futbolçuları yaxından tanımağım, onların əksəriyyətinin bir müddət əvvəl rəhbərliyim altında U-21-in rəsmi oyunlarında iştirak etmələri oldu.
AFFA tərəfindən komandanın hazırlıq keçməsi üçün hər cür şərait yaradılsa da, vaxtımız az olduğundan və ölkə çempionatı davam etdiyindən, cəmi 2 dəfə qısamüddətli təlim-məşq toplanışı təşkil etdik. Turnirin əsasnaməsinə görə heyətə 23 yaşdan böyük 3 futbolçu cəlb edə bilərdik ki, bu seçimi edərkən də əsas millinin baş məşqçisi Robert Prosineçki ilə məsləhətləşdik. Yığmanın üzvləri - Ağabala Ramazanov və Ruslan Abışovun U-23-ə kömək etməsinə şərait yaratdığına görə, baş məşqçiyə təşəkkür edirəm.
Püşkatmadan dərhal sonra açıqlamamda da qeyd etmişdim ki, ən güclü rəqiblər bizim qrupda toplaşıb. Oyunlar zamanı da bunun şahidi olduq. Təbii ki, yarışa qatılan zaman komandanın qarşısına konkret hədəflər qoyulmuşdu. İlk işimiz yarımfinala yüksəlmək idi. Oyunlar komandamızın buna hazır olduğunu göstərdi. Düzdü, 7 futbolçunun milliyə digərləri ilə müqayisədə gec qoşulması birinci oyunda sözünü dedi. Amma tədricən problemlər aradan qaldırıldı və sonrakı oyunlarda gücümüzü göstərə bildik. Mayın 8-dən 21-dək olan müddətdə 5 oyun keçirdik ki, onlardan da 3-ü süni meydançada baş tutdu. Belədə futbolçulardan yüksək fiziki hazırlıq tələb olunurdu. Üstəlik, əsas heyətdə çox dəyişiklik etmirdik. Maksimum bir-iki əvəzetməyə əl atırdıq. Final oyununda Vüqar Mustafayevin meydana çıxmaması zədəsi ilə bağlı idi. Hətta oyunöncəsi məşqdə onu bir də yoxladıq, amma ağrıları meydana çıxmağa imkan vermədi. Halbuki özü də oynamağı çox istəyirdi.
Final oyununda isə yalnız qalib gəlmək haqda düşünürdük. İşimizin öhdəsindən layiqincə gəldiyimizə görə futbolçularımıza, məşqçi heyətinə, komandaya ilk gündən dəstək olan azarkeşlərə, AFFA rəhbərliyinə təşəkkür edirəm.
Dünən ölkə başçısı cənab İlham Əliyev qalib idmançılarla görüşdü. Cənab prezident qalib idmançıları təbrik etdi, Təşkilat Komitəsinə təşəkkürünü bildirdi. Sonda idmançılarla xatirə şəkli çəkdirdi. Daha doğrusu, komanda ilə şəkil çəkdirilən zaman mən kənarda dayanmışdım. Sonra prezidentə yaxınlaşdım və qısa dialoqumuz oldu, şəkil çəkdirdik. Cənab prezident məni də təbrik etdi. Təbii ki, ölkə başçısından xoş sözlər eşitmək sevindiricidi. Ölkəmizdə idmanın inkişafı üçün yaratdığı şəraitə görə cənab prezidentə minnətdaram”.