Növbəti mövsüm Almaniya futbolunda bir ilk gerçəkləşəcək. Belə ki, Bundesliqa tarixində ilk dəfə qadın baş hakim oyunlara təyinat alacaq. Söhbət Bibiana Ştaynhausdan gedir. Onun necə hakimlik edəcəyini zaman göstərəcək. Fakt budur ki, Almaniyanın yeganə peşəkar qadın hakimi olan Bibiana 2-ci Bundesliqada dəfələrlə oyunlara təyinat alıb və işinin öhdəsindən yaxşı gəlib. Bu səbəbdən onu Almaniyanın əsas çempionatında iş başında görməyə təəccüblənmək lazım deyil.
Bibiana Ştaynhaus 1979-cu il martın 24-də Almaniyanın Bad-Lauterberq şəhərində anadan olub. Gənc yaşlarında futbolla məşğul olub və 1995-ci ilə kimi şəhərin eyniadlı komandasının şərəfini qoruyub. Ampluaca müdafiəçi olan qız 16 yaşında gözlənilmədən futbolçu karyerasını başa vurub. Səbəb onun başqa sahəyə - hakimliyə olan həvəsi idi. Babiananın atası futbol hakimi idi. Bu sənətdən xoşlanan gənc qız atasının ona hakimlik etmək təklifindən sonra fikrini qətiləşdirib. 2 il sonra Duysburqda hakimlər üçün keçirilən seminar zamanı məşhur alman referi Oygen Ştrigellə tanışlıq Babiananın hakimlik karyerasına təkan verib. Məhz Ştrigelin köməyi və məsləhəti ilə peşəkar hakim olub.
Bibiana bir neçə mövsüm qadınlar arasında həvəskarlar liqasının oyunlarına təyinat alıb. Hakimliyinin ilk illərində ədaləti qoruduğu ən samballı oyun qadınlar arasında Almaniya Kubokunun finalı olub. 2007-ci ilin sentyabrında, 28 yaşı olarkən isə Almaniya futbolu tarixində ilk dəfə olaraq qadın hakim 2-ci Bundesliqanın oyununa təyinat alıb. Əlbəttə, bu, Bibiana idi. O, bu səviyyədə ilk oyunda işinin öhdəsindən lazımincə gələ bilib və mətbuat onun hakimliyini yüksək qiymətləndirib. Yeri gəlmişkən, Bibiananın idarə etdiyi həmin matç “Hoffenhaym" ilə “Paderborn" arasında idi. 2-ci Bundesliqa debütdən cəmi 1 il sonra Babiana Almaniya Kuboku oyununa da təyinat almaqla daha bir ilki gerçəkləşdirib.
Ştanynhaus istedadı ölkənin hüdudlarından kənarda da böyük marağa səbəb olub. O, kişilər arasında beynəlxalq turnirlərdə hakimlik etməsə də, mütəmadi olaraq qızlar və qadınlar arasında keçirilən qitə miqyaslı yarışlarda iş başında olub. 2005-ci ildə FİFA referisi statusu alan Babiananın beynəlxalq karyerasının pik nöqtəsi kimi 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarının finalını idarə etməsini göstərmək olar.
Bibiana hakimlikdən yana daha bir sənətin sahibidir. O, Hannover şəhərinin polis şöbəsinin əməkdaşıdır. Bəlkə də polis olmaq ona meydanda özünü daha rahat hiss etməyə kömək edir. Axı, hər iki sənətin oxşar çalarları çoxdur. Hər iki sənətin sahibləri insanlara qaydaları pozmamağı aşılayırlar, qaydaları pozanları isə cəzalandırırlar.
2010-cu ildə internetdə yayılan bir videoçarx Babiananın daha da məşhurlaşmasına səbəb oldu. 2-ci Bundesliqada “Herta" - “Aahen" matçında meydan sahiblərinin müdafiəçisi Peter Nimayer xoş məramla əlini hakimin çiyninə uzadarkən bilməyərəkdən əlini qadının sinəsinə toxundurmuşdu. Bu hadisəni gülümsəyərək qarşılayan Bibiana heç nə olmayıbmış kimi işinə davam etmişdi. Sözügedən videoçarx internet istifadəçiləri arasında böyük maraqla qarşılanmışdı.
3 il sonra Bibiana buna bənzər hadisə ilə yenə də üzləşmişdi. Bu dəfə “İnqolştadt"ın müdafiəçisi Andre Miyatoviç Babiananın sinəsinə toxunmuşdu. Oyundan sonra mətbuata verdiyi açıqlamada Andre bunu bilərəkdən etmədiyni söyləmişdi: “Bibiana qapımıza penatli təyin edəndə özümdən asılı olmayaraq əlimi ona tərəf uzatdım və əlim onun sinəsinə dəydi. And içirəm ki, sizin fikirləşdiyini ağlımdan belə keçməyib. Bu, sadəcə oyun epizodu idi". Piter Nimayerlə epizoddan fərqli olaraq bu halda Bibiana ümumiyyətlə, Andrenin hərəkətinə heç bir reaksiya verməmişdi.
Amma o, daha 2 il sonra Bundesliqada “Bavriya" - “Borussiya" (Münhenqladbax) oyununda baş verənlərə sərt reaksiya göstərmişdi. Hadisə belə olmuşdu. Hakim tərəfindən oyuna əlavə edən vaxtın azlığından gileylənən “Bavariya"nın baş məşqçisi Xosep Qvardiola 4-cü hakim funksiyasını yerinə yetirən Bibianaya yaxınlaşaraq ona etirazını bildirmiş və nəyisə izah edirmiş kimi onu qucaqlamağa çalışmışdı. Bibiana isə Qvardiolanın əlini çiynindən kənara itələyərək bir neçə addım kənara çəkilmişdi. Bu hadisəyə görə Qvardiolanı diskvalifikasiya edə bilərdilər.
Bibiananın başına gələn maraqlı hadisələr bununla bitmir. Aşağı liqada oyunların birində “Fortuna"nın futbolçusu Kərəm Dəmirbəyi 2-ci sarı vərəqə ilə meydandan qovması futbolçunu bərk hiddətləndirmiş və hakimə qarşı işlətdiyi “Qadınların kişi futbolunda yeri yoxdur" ifadəsi ona baha başa gəlmişdi. Kərəm 5 həftəlik diskvalifikasiya olunmuş və 10 min avro cərimələnmişdi.
Hovard Uebb. Yəqin ki, bu hakimi yaxşı xatırlayırsınız. İngiltərənin ən məşhur referilərindən biri olmuş Hovard hazırda Babiana ilə birgə yaşayır. Rəsmi nikahları olmasa belə. Hovard Uebb 2010-cu ildəki mundialın finalına təyinat alanda onun həyat yoldaşı Key teleşouların birində əri haqqında belə bir fikir bildirmişdi: “Anlaya bilmirəm ki, ərim oyunları necə idarə edə bilir. Axı, o, evdə heç öz uşaqlarının öhdəsindən gələ bilmir". Bəlkə də Keyin bu sözləri onların ayrılmasına səbəb olmuşdu. Bu hadisədən 3 il sonra ailəsindən ayrılan Hovard artıq bir neçə ildir ki, Bibiana ilə birgədir. Görünür, dünyaca tanınmış Hovard Uebblə birgə həyatı Bibiananın hakimlik karyerasına müsbət mənada təsir göstərib.
“Bu, həyatımın ər böyük arzusu idi. Keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm". Bibiana Bundesliqa oyunlarına təyinat alması il bağlı xəbəri şərh edərkən belə deyib. Onun arzusunu necə gerçəkləşdirəcəyini isə zaman göstərəcək. Hər halda indiyədək topladığı təcrübə və nikah bağlamadığı həyat yoldaşı ona kömək ola bilər. Yeri gəlmişkən, Bibiana Ştaynhaus bu günə kimi FİFA bayrağı altında milli komandaların 17, UEFA Kuboku və Çempionlar Liqasının 12, 2-ci Bundesliqanın 23, Qadınlar Bundesliqasının isə 65 oyununda iş başında olub. 2007-ci ildə Almaniyada ilin qadın idmançısı seçilən Bibiana 2007-2010-cu illər aralığında 4 dəfə ardıcıl olaraq ölkənin ən yaxşı qadın referisi adına da layiq görülüb.
Hazırladı: SÜLEYMAN / “Het-trik news” qəzeti