Bu gün Bakı vaxtı ilə saat 22.45-də Çempiaonlar Liqasının final oyunu keçiriləcək və Avropanın iki güclü klubu - "Real"la "Yuventus" qarşı-qarşıya gələcək.
Sportarena.az xəbər verir ki, "Qaynarinfo" Azərbaycanın tanınmış siyasətçilərinə, ekspertlərə və sənət adamlarına müraciət edərək finalda hansı komandanı favorit gördüklərini soruşub. Həmin sorğunu təqdim edirik:
"Ümid" partiyasının sədri İqbal Ağazadə: "Yuventus"a azarkeşlik edirəm və düşünürəm ki, onlar qalib gələcək".
Aktyor Rasim Balayev: "Sözsüz ki, "Real" güclüdür, amma mən "Yuventus"a azarkeşlik edirəm".
Millət vəkili Fazil Mustafa: "Hər ikisi güclü komandadır, lakin Ronaldonun oyununu bəyəndiyim üçün "Real"ın uduzmasını istəmərəm. Amma ümumilikdə azarkeşlik etdiyim klub yoxdur".
Xanəndə Arif Babayev: "Hansı bizə daha yaxındırsa, ona azarkeşlik edirəm. Futbolu sevirəm, amma axır vaxtlar müsabiqələr, ev qayğıları, universitetdəki imtahanlar, tədbirlər başımı o qədər qatıb ki, izləyə bilmirəm". "Yuventus", yoxsa "Real"?" sualımıza isə xalq artisti əvvəlcə "Siz hansına balet edirsiniz?" deyib güldü, sonda isə "Madrid, Madrid", deyə qışqırdı".
Müğənni Ədalət Şükürov: "Futbolla o qədər də maraqlanmıram, amma ispan dilini bildiyimdən daha çox ispanlara azarkeşlik edirəm və düşünürəm ki, çempion "Real" olacaq".
BŞDYPİ-nin ictimai əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov: "Mən istəyirəm ki, "Yuventus" qalib gəlsin. Komandaya azarkeşlik etmirəm, amma orada yaxşı oyun nümayiş etdirən futbolçular var".
PFL-in prezidenti Ramin Musayev: "Real" qələbə qazanacaq".
Rejissor Ramiz Əzizbəyli: "Mən düşünürəm ki, birincilik Ronaldonun komandasınındır, amma xüsusi olaraq Messinin komandasına azarkeşlik edirəm".