"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Report"a müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Əslində bu müsahibə aprelin 18-də - 45 yaşınız tamamlandıqdan və çempionluğu təmin etdikdən sonraya təsadüf etməli idi. Amma qəfil xəbər söhbətimizi ayyarım sonrayadək təxirə saldı...
- Əlbəttə, həyatda ən dəyərli varlığımızı itirdik. Ana hamı üçün qiymətsizdir və onun əvəz olunması mümkün deyil. Sadəcə, hamımız belə hallara hazır olmalıyıq. Gərək insan hər şeyi sağlığında doğru-düzgün etməyə çalışsın. Hamımızın yeri sonda haqqın dərgahıdır. Ana elə bir varlıqdır ki, onun haqqında günün 24 saatını belə danışsaq, bəlkə də az olar. Amma biz bu itki ilə barışmalıyıq. Çünki təkcə bizim yox, çox insanın anası, valideyni dünyasını dəyişib. Nə qədər çalışsan da, yaddan çıxmaz. Nə etməli? Həyat davam edir, biz də işimizi davam etdirməli, verilən tapşırığı düzgün yerinə yetirməyə çalışmalıyıq. Həqiqətən də anam birinci azarkeşim idi.
- Bir ay ərzində əvvəlcə 45 yaşınız tamamlandı, ardınca çempionluq, sonra isə ana itkisi...
- Bunu normal qarşılayıram. Hansısa gün baş verməli idi, həmin günə təsadüf etdi. Mənim üçün ad günü, çempionluqdan daha önəmlisi ana idi. Şükürlər olsun ki, bu vaxtadək birgə olduq, birgə yaşadıq. Çempionluq elədir ki, onu geri qaytara bilərik, ad günü hər il olur və ya olmaya bilər, ana isə, belə deyək, birdəfəlik gedir. Ona görə də bunları bir-biri ilə yan-yana qoymaq istəməzdim. Allah rəhmət eləsin!
"Düşündüyümüz transferlər hələ baş tutmur"
- Ötən mövsümü yenə qızıl "dubl"la başa vurdunuz. Rəqabətsizlik mühitini nəzərə alaraq, bu nailiyyətin asan başa gəldiyini düşünmürsünüz?
- Düşünmürəm ki, asan oldu. Asan heç nə yoxdur. Ümumiyyətlə, insanın bir uğuru növbəti il təkrarlaması daha çətin olur. Çünki sənə qarşı daha diqqətlə, daha məsuliyyətlə yanaşırlar. O cümlədən, biz özümüz bu gün uğur qazanmışıqsa, gələn il təkrarlamağa çalışırıq. Belə olduğu halda, istər-istəməz həyəcan da yaranır, ehtiyatlanırıq da... Bəli, əvvəlki illərdə daha güclü komandalar, daha böyük rəqabət var idi. Amma bu il də son anadək rəqabət oldu. Yəni, nə çempionluq, nə də kubok bizə asan başa gəldi.
- Amma zaman-zaman gərginliklər oldu...
- Bəli. Mövsümün ilk yarısında da, qış fasiləsindən sonra da gərginlik yaşandı.
- Gözləmək olardı ki, "İnter" "Qarabağ" - "Qəbələ" rəqabətindən yararlanaraq, irəli çıxsın...
- "İnter" sonadək bizi izlədi və çempionatı ilk "3-lük"də başa vurdu. Baxmayaraq ki, son aylar bu klubda problemlər var idi. Amma rəqabət daha çox bizimlə "Qəbələ" arasında oldu.
- "Qarabağ" və "Qəbələ"nin xal itirdiyi oyunlar da oldu. Amma bu zaman xüsusən "İnter" fürsətdən istifadə edə bilmədi. Sanki bütün komandalar çempionun ya "Qarabağ", ya da "Qəbələ" olacağı reallığı ilə barışmışdılar...
- Mən belə düşünmürəm. Çünki biz xal itiririksə, digər komandaların da xal itirmə ehtimalı var. Onlar da ya bizimlə eyni vaxtda, ya əvvəlki, ya da sonrakı turda xal itirirdilər. Bu səbəbdən, belə hallar baş verirdi. Amma "İnter" yalnız çempion bilindikdən sonra düşündü ki, ilk 2 yeri tuta bilməz. Xüsusən də bizə IV dövrənin sonlarında məğlub olandan sonra. Amma əvvəlki 3 dövrədə "İnter"ə 2 dəfə uduzmuş, 1 dəfə heç-heçə etmişdik. Yalnız son oyunda qələbə qazandıq. "İnter" bizim üçün çox ciddi rəqib idi.
- Artıq yeni mövsümün hazırlıqlarına başlasanız da, cəmi bir futbolçu - "İnter"dən Abbas Hüseynovu heyətə cəlb etmisiniz. Yeni transferlərlə bağlı vəziyyət nə yerdədir?
- Hələ yeni futbolçularla anlaşmamışıq. Heç öz futbolçularımızı əlimizdə saxlaya bilmirik. 8 oyunçumuz əsas, 3-ü 21 yaşadək futbolçulardan ibarət, İbrahim Şehiç isə Bosniya və Herseqovina yığmasındadır. Çempionlar Liqasına hazırlaşırıq, amma əlimizdə əsas heyətin 3-4 futbolçusu var, qalanları isə aşağı yaş qruplarından ibarət komandalarımızdandır. Düzdür, onlar da məşq baxımından geri qalmayacaqlar. Amma iş orasındadır ki, bizim əlimizdə deyillər. Çempionlar Liqası elə bir turnirdir ki, hamımızın daha çox birgə olması vacibdir. Yəqin ki, iyunun 20-dən hamı bir yerə toplaşacaq. Digər tərəfdən, düşündüyümüz transferlər hələ baş tutmur. Çünki klubları və futbolçuların özləri ilə bir araya gələ bilmirik. Olduqları ölkələrdə çempionatlar davam edir və ya yenicə başa çatıb. Üstəlik, istədiyimiz futbolçuların müqavilələri qüvvədədir. Həmin anlaşmaları pozmaq, klubların özləri ilə danışıq aparmaq sarıdan işimiz o qədər də yaxşı getmir. Amma yenə də bu istiqamətdə səylərimizi davam etdiririk, axtarışdayıq. Digər variantlarımız da var. Lakin hələlik əlimizdə olan oyunçu yoxdur.
- Niyə məhz müqaviləsi olan oyunçulara üstünlük verirsiniz?
- Üstünlük vermirik, sadəcə, təklif edirlər və biz də daha çox onları bəyənmişik.
- Amma belə futbolçuların xərci azad agentlərdən daha çox məbləğə başa gəlir...
- Təbii ki, yaxşı futbolçunun xərci çox olmalıdır. Amma digər tərəfdən, müqaviləsi bitən futbolçular da çox azdır. Ona görə də hələlik məsələ açıq qalıb.
"İlqar Qurbanovla Arif Daşdəmirov arasındakı fərq elə də böyük deyil"
- "Qarabağ" Çempionlar Liqasının II və III təsnifat mərhələlərinin püşkatma səbətlərində səpələnmişlər qrupunda yer alacaq. Digər tərəfdən, 2018-2019 mövsümündən qrupa birbaşa vəsiqə qazanan komandaların sayı çoxalacaq və təsnifat mərhələsindən gələnlərə daha az kvota veriləcək. Bu mənada düşünmürsünüzmü ki, 2017-2018 mövsümü "Qarabağ" üçün qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə baxımından son şansdır?
- Açığı, bu barədə düşünmək istəmirəm. Bəzən belə dərindən fikirləşəndə bu, xeyrimizə yox, ziyanımıza olur. Futbolçu da yana bilər. Ümumiyyətlə, bunları düşünməmək lazımdır. İşimiz bu günlə, bu illə bitmir. İlboyu yarışlar davam edir. Bəlkə bu il yox, gələn il Çempionlar Liqasının qruplarına düşəcəyik?! Futbolda belə hallar olur. "Bu il hər şey bitəcək" deyə hazırlaşmağımız düzgün olmaz. Əvvəllər bir mərhələ keçməklə kifayətlənmək istəyirdilərsə, sonradan iki-üç mərhələ, "pley-off" arzuları ifadə olunurdu. Artıq hər mövsüm Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanırıq, yaxşı oyunlar sərgiləməyə çalışırıq. Yəni, belə düşüncələr lazım deyil. Bu gün zəif ola bilərik, amma klub, məşqçi və futbolçu olaraq, inkişaf edirik. Ümidvaram ki, əziyyətimizin bəhrəsini görəcəyik. İşə hər şey bitəcək deyə yanaşmırıq. Kim bilir, bəlkə bu dəfə II təsnifat mərhələsindəcə məğlub oluruq? Yəni, hər şeyə pozitiv yanaşmaq və "Necə edək ki, bir addım da irəli gedək" düşüncəsi ilə komandanı hazırlamaq lazımdır.
- Əksər oyunlarda meydana çıxmayan Arif Daşdəmirov qaldığı halda, İlqar Qurbanovun göndərilməsi birmənalı qarşılanmayıb. Bu addımınızı nə ilə əlaqələndirərdiniz?
- Mənə belə suallar çox verilir. Birincisi, Daşdəmirovun hələ müqaviləsi var. Digər tərəfdən, oyun praktikası baxımından iki futbolçu arasında elə də böyük fərq yoxdur. Ötən mövsüm Qurbanov 1323 dəqiqə, Daşdəmirov 990 dəqiqə oynayıb. Qurbanov 16, Daşdəmirov 11 oyunda meydana əsas heyətdə çıxıb. Yəni, aralarındakı 5 oyunluq fərq elə də böyük deyil. Halbuki sizin düşüncənizlə bu fərq çox olmalı idi.
- Bəs oyun keyfiyyəti sarıdan müqayisə etsək?
- Bu, mənim qərarımdır. Sizin düşüncənizlə qərar verməli deyilik. Qurbanovun müqaviləsinin bitdiyini dedim. Həmin mövqeyə 1-2 il ərzində Abbas Hüseynovu hazırlamalıyıq. Düşündüyümüz kimi, alınsa, Hüseynov komandamıza faydalı olacaq. Digər tərəfdən, mən gedən və qalan oyunçunu müzakirə etməyi o qədər də xoşlamıram. Amma kənarda belə məsələlər çox müzakirə olunur. İnanmıram ki, indiyədək hansısa futbolçunun məndən narazı qalmağa səbəbi olub. Hər bir futbolçuya şərait yaratmışıq. Kimin qalmasına və ya getməsinə biz məşqçilər yığışıb qərar veririk. Səbəbini özümüz bilirik.
- İlqar Qurbanovun "Qəbələ"də uğurlu olacağına inanırsınız?
- Niyə də yox?! Ona uğurlar arzulayıram. İlqarla biz 2011-ci ilin yanvarından birgə idik. O, komandamıza hücumçu kimi gəlmişdi. Hamı ona qolçu kimi yanaşırdı. Amma get-gedə, görün, hansı mövqeyə gəldi. Hücumçu kimi qalsaydı, bu gün bəlkə də heç kimə lazım olmayacaqdı. Yəni, elə şeylər var ki, əvvəlcə analiz etmək lazımdır, sonra fikir bildirmək daha yaxşı olardı.
- Gedənlərin olması yenə gözlənilir?
- Futbolda daim hər şey gözlənilir. Transfer çalışmaları o zaman bitir ki, müvafiq pəncərə bağlanır. Elə ola bilər ki, hansısa oyunçunu almaq zərurəti yaransın. Kim deyirsə ki, bitirdik, yanlışlığa yol verir.
- Məsələn, Fatih Terim "Biz "bitdi" demədən, bitməz" deyir...
- (gülür - red.) Yox, mən heç vaxt elə sözlər demərəm. Onu Terim deyib. Biz transfer çalışmalarımızı hər zaman davam etdiririk. Bəzən bir futbolçu əldə edə bilmədiyin halda elə olur ki, 4-5-ni birdən əldə edirsən. Ona görə də kimisə komandadan göndərib-göndərməyəcəyimizi deyə bilmərəm.
- Tokelo Rantini gətirsəniz, Muarem Muarem göndəriləcəkmi?
- Mən minimum iki hücumameylli oyunçu istəyirəm. Hazırda axtarışdayıq. Hansı alınsa, cəlb edəcəyik. Ola bilər ki, heç alınmasın. Amma bu, o demək deyil ki, kimisə göndərməli və ya saxlamalıyıq. Bəli, mən istəyirəm ki, bu gün komandamızda oyunçu sayı daha çox olsun. Ötən mövsüm bəzi oyunlarda bunun şahidi oldum. Çətinliklər çəkdik, zədələr və vərəqə cəzalıları üzündən bəzən "18-liy"i belə düzəldə bilmirdik. Ona görə də kollektivin daha geniş olmasını istərdim. Ola bilər ki, xərclərimiz çox çıxsın. Buna baxmayaraq, belə bir addım atmağa çalışırıq. Kimisə gətirmişik deyə, "Mən oynamıram, gedirəm" demək futbolçunun zəifliyi olardı.
"İndiyədək futbolçularımızdan yalnız Reynaldoya təklif gəlib"
- Müqaviləsi olan oyunçulardan söz düşmüşkən, indiyədək qrup mərhələsinə düşən komandalarımızın heç biri oyunçu sata bilməyib. Amma ötən mövsüm qrupda iki dəfə məğlub etdiyiniz Yunanıstan PAOK-u Harri Rodrigesi qışda Türkiyənin "Qalatasaray" klubuna 3,7 milyon avroya satıb. Niyə Azərbaycan klubları futbolçu satışını, demək olar ki, həyata keçirə bilmir?
- PAOK kimi klublar alanda da milyonluq futbolçular transfer edirlər. Maraqlanmışdıq, Rodrigesin özü bizim futbolçulardan ikiqat artıq maaş alırdı. Onun İspaniya "Elçe"sindən hansı məbləğə transfer olunması isə başqa məsələdir. Ona görə də PAOK avrokuboklarda müntəzəm olaraq, qrup mərhələsində çıxış edir. Klub olaraq, onların imkanları daha genişdir, nəinki bizim. Onlar daha yaxşı çempionatda oynayırlar, nəinki bizim komandalar. Azərbaycandan futbolçu almaq üçün hələ axın yoxdur. Çempionatımız avrokuboklarda hələ özünü tam təsdiqləməyib. Ona görə də xaricə satmağa oyunçumuz yoxdur. PAOK-un isə neçə illik tarixi, Yunanıstan çempionatının böyük ənənələri var. Bizim çempionatın səviyyəsi bir qədər artmışdı, sonra endi. Yəni, hələ optimal səviyyəyə gəlib çatmamışıq. Azərbaycandan Avropaya çıxış 5-10 ildən sonra başlaya bilər. Bu da klubların səviyyəsinin qalxacağı halda mümkündür. Bura klubların strukturu, sabitliyi, özünü dolandırma qabiliyyəti formalaşandan sonra mümkündür. Amma indiki halda 2-3 ildə bir futbolçu xaricə getsə, normal hal sayıla bilər.
- Necə oldu ki, Rusiya "Lokomotiv"inin istədiyi Qara Qarayev "Qarabağ"da qalmağa razılıq verdi?
- "Lokomotiv"in Qarayevi istədiyini mən heç vaxt deməmişəm. Siz yazmısınız. Bir şeyi bilin ki, hansısa futbolçumuzu istəyən olsa, klubumuz heç vaxt mane olmaz. Digər tərəfdən, Qaranın müqaviləsi bitirdi. Bəzən menecerlər və ya kimlərsə belə fikirlər ortaya atırlar: "Filan futbolçunu filan kluba sata bilərəm, ora ilə əlaqəm var". Bunlar 99,9 faiz reklam xarakterli fikirlərdir. Oyunçunu istəyən klub dərhal təklifini göndərir. Məsələn, Türkiyə "Adanaspor"u Reynaldonu istədi, götür-qoy etdik, danışıqlar getdi, 3 aşağı, 5 yuxarı məbləğə razılaşdıq və göndərdik. Nəticədə transfer baş tutdu. Bax, təklif bu idi. Yoxsa bir neçə cavan uşaq ortaya düşür, açıqlama verirlər ki, filan oyunçunu hansısa kluba sata bilərəm. Yaxşı kluba kim getməz, kim öz oyunçusunu vermək istəməz? Görsəm ki, perspektivi, daha da inkişaf etmək imkanı var, heç vaxt mane olmaram.
- Axı Reynaldonu Çin, ərəb klubları istəyiblər. Elə isə həmin vaxt transferi niyə baş tutmadı?
- Bəli, istəmişdilər. Amma təklifləri tam ciddi deyildi. Çindən istəmişdilər, danışıqlar da aparılmışdı. Həmin vaxt xaricdə təlim-məşq toplanışında idik. Lakin Reynaldo əməliyyat olunduğundan, tibbi baxışdan keçə bilmədi. Sonradan isə həmin klubda baş məşqçi dəyişikliyi baş verdi. Ərəblər də istəmişdilər. Dedik ki, təklif göndərin. Amma ciddi təklif olmadı. Ona görə də deyirəm ki, yazılanların çoxu reklam xarakterlidir.
- Deməli, indiyədək yalnız Reynaldoya təklif gəlib?
- Rəsmi olaraq, bəli. Bəlkə bəzi oyunçularla maraqlananlar olub. Amma bir var maraqlanmaq, bir də var təklif ünvanlamaq. Biz də müəyyən futbolçularla maraqlanırıq. Bizə mümkün namizədlərin siyahısını verirlər. Hamısını nəzərdən keçirir, onların xarakteristikası ilə maraqlanıram. Hansınısa bəyənsəm, təklif göndəririk. Amma hansısa təklif gəlsin, biz razılaşmayaq deyə bir şey olmayıb.
- O zaman belə qənaətə gəlmək olar ki, Avropa Liqasının qrup mərhələsində oynamaq futbolçu satışı üçün yetərli deyil...
- Bu gün görünən budur. Həm də başqa ölkələr bu sahədə bizdən çox inkişaf ediblər, bazara daha çox giriblər. Biz isə indi başlamışıq. Gərək nəticələrimiz yuxarı olsun. Yəni, Avroliqanın qrupundan çıxsaq, Çempionlar Liqasının qrup mərhələsində oynasaq, futbolçularımıza maraq daha çox olar. Amma "Avroliqanın qrupuna düşmüşük, bizdən niyə oyunçu almırlar?" söhbəti düzgün deyil. Bizim kimi digər klublar da qrupa düşür. Amma biz qrupdan çıxa bilmiriksə, onlar bunu da bacarırlar. Belə nüanslar var. Məncə, hələ bu barədə düşünmək üçün tezdir. Həm də biz bura 100 minlik futbolçu gətiririksə, digərləri milyonluq oyunçu transfer edir. Bu halda həmin futbolçunun bacarığı istər-istəməz bizimkindən daha yuxarı olacaq. Bəzən biz daha çox istəyir, özümüzü daha yuxarı qoyuruq. Halbuki biz bir addım atırıqsa, digərləri üç addım atır. Bunları da nəzərə almaq lazımdır.