Son vaxtlar adı tez-tez müxtəlif klublarla hallanan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin iş yerini dəyişəcəyi demək olar ki, dəqiqdi. Xorvat mütəxəssisin AFFA ilə olan müqaviləsi bu ilin sonunda başa çatır. Amma ola bilər ki, o, millimizin “sükanı arxasından” daha tez getsin və ya ilin sonuna kimi həm klubda, həm də yığmada çalışsın.
Prosineçkinin adının gah “Valensiya”, gah “Konyaspor”, gah da “Bursaspor”la yanaşı hallanması AFFA rəhbərliyini də narahat edir. Xorvat mütəxəssisin Bursa klubu ilə tezliklə görüşəcəyi, Türkiyə təmsilçisiylə anlaşacağı xüsusilə gözləniləndi.
Sportarena.az Komanda.az-a istinadən xəbər verir ki, AFFA rəsmiləri Prosineçkiylə yeni müqavilədən artıq əlini üzüb və baş məşqçi postuna seçim etmək qərarına gəlib. AFFA-dakı mənbədən bizə çatan məlumata görə, federasiya Prosineçkini “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla əvəz etməyi düşünür.
Bir neçə il əvvəl AFFA prezidenti Rövnəq Abdullayev Qurbanovun millini çalışdırmaq variantı haqda danışarkən, ona ağız büzmüş, “Qarabağ”ın çalışdırıcısının hələ gənc olduğunu bildirmişdi. Amma artıq “Qarabağ”ın hər mövsüm avrokuboklarda uğurlu çıxış etməsi, mütəmadi olaraq qrup mərhələsində mübarizə aparması, AFFA rəhbərliyini də geri addım atmağa məcbur edib.
Mənbənin dediyinə görə, “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın yaxınlarda milliləşdirilməsi də Qurban Qurbanovun yığmaya hazırlanması yolunda addım olaraq göstərilməlidi.
Bütün bunlarla yanaşı, başqa bir vacib amil də var. 2020-ci ildəki Avropa çempionatının final mərhələsinin bir neçə oyunu Bakıda keçiriləcək. AFFA rəhbərliyi Azərbaycan millisinin AÇ-2020-nin final mərhələsində olmasına can atır. Özü də bunun yerli mütəxəssisin rəhbərliyi altında olmasını istəyir. Belədə, ən ideal namizəd Qurban Qurbanovdu.
Mənbənin bildirdiyinə görə, Qurbanovla bağlı əsas sual, yığmanın “sükanı arxasına” keçərsə, onun “Qarabağ”dakı işinin necə olacağıdı. Hazırda ən mümkün variant kimi Qurban Qurbanovun həm millidə, həm də klubda işinə davam etməsi sayılır. Bununla həm də, “Qarabağ”ın millinin əsas futbolçu bazası statusunu qoruyub-saxlamaq mümkün olacaq. Son illərdə “köhlən atlar” əsas milliyə ən çox futbolçu verən klub ünvanına sahibdi.