DÇ-2018-in seçmə mərhələsində sabah Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Komanda bir aya yaxındı təlim-məşq toplanışındadı. Kubokun finalından sonra komandaya 10 günlük istirahət verdim. Sonra Avstriyaya yollandıq. Yaxşı hazırlıq keçdik. Sabahkı böyük oyuna tam hazırıq. İlk oyundakı 0:4 hesablı məğlubiyyəti unutmamışam.
- Komanda Avstriya toplanışında milli yoxlama oyunu keçirmədi. Bu, sabahkı oyuna nə dərəcədə təsir edə bilər?
- Oyun olsaydı, daha yaxşı olardı. Lakin təəssüf ki, rəqib tapa bilmədik. Millidə motivasiya çox yüksəkdi. Heyətdəki bütün oyunçular sabahkı oyuna tam hazırdı, hamı meydana çıxmaq istəyir. Komandama inanıram. Bir aylıq hazırlıq prosesinin nəticəsini sabah görəcəyik, ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.
- Rəqib sizi yaxşı tanıdığını deyir, bəs sizin rəqibə hansısa sürprizin var?
- Xoş haldı ki, rəqibin baş məşqçisi onları çətin oyun gözlədiyini deyir. Rəqibi lazımi qədər təhlil etmişik. Əlbəttə, rəqibə qarşı sürpriz də hazırlamışam. Lakin bunu açıqlamayacam.
- Adətən, klubunda yaxşı oyun sərgiləyən oyunçular millidə bunu təkrarlaya bilmirlər. Sizcə, bu, Almeydada da belə olmayacaq ki?
- Sabahkı oyunda necə oynayacağını deyə bilmərəm. Məşqlərdə təzyiq güclü olsa da, özünü yaxşı tərəfdən göstərib. 6 ildi ölkəmizdə çıxış edir. Oyunçuların bir çoxuyla bir komandada oynayıb. Ancaq onun sabahkı oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm.
- Sabahkı oyunun gedişində bərabərlik pozulmasa, iki hücumçuya şans verəcəksiz?
- İki hücumçunu meydana buraxmaqla hücum futbolu oynamaq demək deyil. İndiki heyətlə də hücum futbolu oynamaq olar. Yalnız bir şeyə inanıram ki, start heyətində şans verdiyim oyunçular özlərini yaxşı tərəfdən göstərəcəklər. Lakin oyunun gedişində dəyişikliklər ola bilər. Bunu isə indidən deyə bilmərəm.
- Renat Dadaşov sabahkı oyunda şans qazana bilər?
- Renat çox istedadlı oyunçudu. Gələcək üçün bizim üçün vacib oyunçudu. Lakin sabahkı oyun onun üçün tezdi. Bizi sabah çox vacib oyun gözləyir. Onun da vaxtı gələcək. Lakin sabah ona şans vermək üçün tezdi.
- Sabah yeni oyunçular - Renat Dadaşov və Riçard Almeyda meydana çıxa bilər. Şimali İrlandiya millisi onlardan qorxmalıdı?
- Onlardan biri, Almeyda sabah meydana çıxacaq. Ondan qorxmaq lazım deyil. Sabah stadionda çoxlu azarkeş olacaq. Təkcə Almeyda və Dadaşovdan yox, Azərbaycan millisindən və azarkeşlərdən qorxmaq lazımdı.