“Rəqibə tam hörmət edirik. Belfastda Azərbaycan üzərində 4:0 hesablı qələbə qazansaq da, Bakıya arxayın getməmişik”.
Sportarena.az xəbər verir ki, bu sözlər Şimali İrlandiya millisinin üzvü Coş Maqennis deyib. Britaniya təmsilçisi bu gün DÇ-2018-in seçmə mərhələsində millimizin qonağı olacaq. Ölkəsinin mətbuatına müsahibə verən futbolçu fikirlərini bildirib. O, yalnız qələbə haqda düşündüklərini deyib:
“Düşünmürük ki, Belfastda qalib gəlmişik deyə, Bakıda parkda gəzməliyik. Bu bizə heç bir xeyir verməz. Oyun zamanı yalnız qələbəni, matçı düşünmək lazımdır”.
“Çarlton”un futbolçusu qələbə qazanmaqdan başqa yollarının olmadığını dilə gətirib:
"Qələbədən başqa yol yoxdur. Kənardan asan görünür və ya heç kəs başa düşmür ki, rəqib çox güclü komandadır. Əgər xatırlayırsınızsa, Belfastdakı oyuna qədər onlar məğlub olmamışdılar. Bu rəqibin futbol keyfiyyətinin göstəricisidir. Əgər komandanın bütün futbolçuları tam potensialını ortaya qoysa, Bakıdan 3 xalla ayrıla bilərik”.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu saat 20:00-da start götürəcək.