DÇ-2018-in seçmə mərhələsində millimiz evdə Şimali İrlandiya yığmasına 0:1 hesabıyla məğlub oldu.
Sportarena.az xəbər verir ki, oyundan sonra yığmamızın yarımmüdafiəçisi Qara Qarayev matçla bağlı fikirlərini bildirib:
"Ümumi götürsək, layiq olmadığımız bir məğlubiyyətlə üzləşdik. Möhtəşəm futbol sərgilədik. Ancaq nəticə əldə edə bilmədik.
Düşünürəm ki, dünyada futbolu məhz buna görə sevirlər. Qələbə üçün nə çatmadı? Hər şey çatışırdı. Sadəcə, qol vura bilmədik. Necə oldu ki, qol buraxdıq? Mənə heç nə aydın olmadı. Vurmasaq belə, o qolu buraxmamalı idik. İtaliyanın “İnter” klubu ilə keçirdiyimiz oyundakı şoku indi yenidən yaşayıram.
Elə bilirəm ki, oyun heç-heçə bitib. Belə oyunla uduzmaq yaxşı olmadı. Şanssızlıq yaşadıq. Şimali İrlandiya heç də üstün oynamadı. Onlar hətta oyunumuza görə taktiki dəyişiklik də etdilər. İlk hissədəki əvəzetmə zədə ilə bağlı deyildi. Baş məşqçimiz də futbolçu olub. Bu məğlubiyyəti normal qarşıladı. Futbolda olan şeylərdi. Növbəti oyunlarda belə olmaz. Bu kollektivlə, azarkeşlərlə gələcəkdə böyük işlər görəcəyik”.