"Bursaspor"un prezidenti Əli Ay növbəti dəfə millimizin baş məşqçisi Robert Prosineçki ilə bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, o, böyük ehtimalla xorvat mütəxəssisin komandasının yeni baş məşqçisi olacağını söyləyib:
“Gələn həftə komandamızın yeni baş məşqçisinin adını açıqlayacağıq. Bu haqda yekun açıqlama müqavilə imzalandıqdan sonra veriləcək. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan millisi ilə müqaviləsi var. 70-80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq. Amma müqavilə bağlamadan bu məsələ qəti şəkildə həllini tapıb deyə bilmərik. Odur ki, onunla bağlı son anda problem çıxar deyə başqa namizədimiz də var”.
“Fanatik” qəzetinin yazdığına görə, Prosineçki artıq “Bursaspor”un təklifini qəbul edib. Qəzet iddia edib ki, dünən DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı oyun Prosineçkinin Azərbaycan millisində son matçı olub. Bu matçdan sonra onun Türkiyəyə gedərək "Bursaspror"la müqavilə bağlayacağı bildirilib.
Qeyd edək ki, xorvat mütəxəssisin AFFA ilə müqaviləsi DÇ-2018-in seçmə mərhələsinin sonunda başa çatır.