"Gələn il Silahlı Qüvvələrimizin yaradılmasının 100-cü ildönümü tamam olur. Qarşımıza məqsəd qoymuşuq və çalışacağıq ki, komandamız Silahlı Qüvvələrimizin yubiley ilində futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazansın və ordumuzu ölkə çempionatında layiqincə təmsil etsin”.
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi (MOİK), polkovnik-leytenant Rəşad Quliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi nəşri olan “Azərbaycan ordusu” qəzetinə açıqlamasında deyib. MOİK-in rəisi fikirlərinə bu yaxında Naxçıvanda Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı və 4 komandanın – “Araz-Naxçıvan”, MOİK, “Mil-Muğan” və “Zaqatala”nın iştirakı ilə keçirilən 2-ci “Heydər Əliyev Kuboku” turnirindəki uğura toxunmaqla başlayıb. Xatırladaq ki, “hərbçilər” qrup halında keçirilən turnirdə 3 oyuna 7 xal toplayaraq qalib adına yiyələniblər. Üstəlik, MOİK-in iki futbolçusu fərdi mükafat qazanıb: qolkiper Əli Həsənli ən yaxşı qapıçı, hücumçu Rəhman Musayev isə ən yaxşı bombardir seçilib.
“Hər şeydən öncə onu qeyd edim ki, Ulu Öndərimizin xatirəsinə həsr edilmiş yarış yüksək səviyyədə təşkil edilmişdi. Bizim üçün sevindirici haldır ki, ordu futbolçuları belə bir mötəbər yarışda qalib adını qazandı. Həlledici qarşılaşmanı izləmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov stadiona gəlmişdi və komandamıza qızıl medalları və baş mükafatı da o təqdim etdi. Ona görə futbolçularımız bu qədim Azərbaycan diyarından olduqca xoş duyğularla qayıdıblar. Hazırda 2017-2018-ci illər mövsümünə hazırlaşan klub üçün bu nailiyyət əlavə stimul oldu”, - deyə R.Quliyev bildirib.
Ordu idmançılarının ölkə və beynəlxalq səviyyəli yarışlarda çıxışlarına toxunan MOİK-in rəisi vurğulayıb ki, Müdafiə Nazirliyini təmsil edən idmançılar bir sıra uğurlara imza atıblar:
“Hələ də təəssüratları, ilə yaşadığımız Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında komanda hesabında fəxri birinci yeri tutmuş Azərbaycan yığmasının qələbəsində ordu idmançılarının da payı, zəhməti var. Onlar bu mötəbər yarışlarda ikisi qızıl, biri gümüş və biri bürünc olmaqla, dörd medala yiyələniblər. Azərbaycan millisinin tərkibində iki futbolçumuz İslamiadamn qalibi oldu. Yunan-Roma güləşçisi leytenant Rafiq Hüseynov gümüş, onun həmkarı Murad Məmmədov isə bürünc medala sahib çıxdı”.
MOİK-in rəisinin sözlərinə görə, hazırda ordu güləşçiləri və taekvondoçuları qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.
“Beynəlxalq Hərbi İdman Şurasının (CISM) himayəsi ilə sentyabrda Litvada hərbçilər arasında güləş, oktyabrda isə taekvondo üzrə dünya çempionatları keçiriləcək. İnanırıq ki, bu yarışlarda hərbçi pəhləvanlar ölkəmizi və Silahlı Qüvvələrimizi layiqincə təmsil edəcəklər. Belə hesab etməyə daim əsas var. Ordu taekvondoçuları ölkə çempionatlarında daim uğurla çıxış ediblər. Güləşçilərimiz isə ötən ilin sentyabrında Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla, 9 medal qazanmış, 53 xal toplayaraq ümumi komanda hesabında yarışları ikinci yerdə başa vurmuşdular. Hərbi idmançıların bu uğurunu yüksək qiymətləndirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu qeyd etmişdi. O bildirmişdi ki, yarışlarda Azərbaycanı təmsil edən hərbi qulluqçular Silahlı Qüvvələrin nümayəndələri kimi Makedoniyada ölkənin bayrağını yüksəltmək və dövlət himnini səsləndirməklə Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu bir daha sübut ediblər”.
R.Quliyev ordu idmançılarının çıxışlarının daim müdafiə nazirinin diqqətində olduğunu qeyd edib:
“İdmançılarımız hər dəfə beynəlxalq yarışlarda uğurla çıxış etdikdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən beləcə qəbul edilib, mükafatlandırılıblar. Ordu idmançılarının nəticələri bir daha göstərir ki, Silahlı Qüvvələrdə fiziki hazırlıq və idmana lazımınca diqqət və qayğı göstərilir. Belə münasibət hərbçi idmançıları yeni-yeni uğurlara ruhlandırır”.