Türkiyənin tanınmış futbol yazarı Emre Bol Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin "Bursaspor"a keçidinin alınmamasına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, o, Azərbaycan futbolu və ümumiyyətlə ölkəmizlə bağlı da danışıb:
"Robert Prosineçki Azərbaycana pul qazanmağa getmişdi. "Bursaspor" onu Türkiyəyə qaytarsaydı, bu anlaşmadan heç nə əldə etməyəcəkdi. Arada pul itirəcəkdi, uğur olmayacaqdı".
"Fənərbağça" camiəsinə yaxınlığı ilə bilinən jurnalist Super Liqa təmsilçisinin millimizin baş məşqçisinə dəvət göndərməsini tənqid atəşinə tutub:
"Bursaspor"u yerli adam çalışdırmalıdı. Prosineçkini "Kayserispor"da gördük. O zaman nə etdi ki, indi də Bursaya gətirmək istəyirlər? Azərbaycana niyə gedirlər? Qazanc üçün.
Bir neçə il öncə yolum o tərəflərə düşmüşdü. "Fənərbağça" Lənkəranda "Xəzər" adlı komandayla yoldaşlıq matçı keçirəcəkdi. O matçı izləmək üçün İstanbuldan Bakıya, ordan da Lənkərana getdik. Abi, Bakı Paris kimi bir şəhərdi. Nələr tikiblər, nələr! Amma Bakıdan kənara çıxdınsa, başqa aləmə düşürsən. İnanın, hər yer kənddi.
Azərilər bütün yatırımı Bakıya qoyur, paytaxtdan o yanlarda isə heç nə yoxdu. Getdik Lənkərana, "Fənər" 4:0 qazandı. "Xəzər"in baş məşqçisi vaxtilə "Beşiktaş"da da çalışmış Con Toşak idi. Matçdan sonra ondan müsahibə almaq istədim, yerli klubun nümayəndələrindən xahiş etdim ki, mənə Toşakın qaldığı yeri göstərsinlər.
Stadionun bir kənarında yerləşən ayrıca tikilini nişan verdilər. Getdim və qapını döydüm. Nə görsəm yaxşıdı? Qapı açılınca, qarşımda böyük bir qarın buraxmış nəhəng adam dayanmışdı. Əynində şortdan başqa heç nə yox idi. Güclə tanıdım onu. Toşakın şəkillərini çəkməli olduğumuzdan, paltar geyinib gəldi. Onun Lənkəranda nə işi var idi? Əlbəttə, pul…"