AFFA "Bakı"ya texniki qələbə verəcək?

17:14 15 İyun 2017

Həvəskarlar arasında keçirilən çempionatda mübarizə aparan "Bakı"nın son turdakı oyunu baş tutmayıb.

 

Sportarena.az xəbər verir ki, iyunun 11-də "Enginet"lə qarşılaşmalı olan paytaxt təmsilçisinin rəqibinə texniki məğlubiyyət veriləcəyi gözlənilir. Hərçənd keşləlilər matça gəlib, meydana çıxmağa hazır olduqlarını bildirib və təşkilatçılıq baxımından da problem olmadığını deyiblər. Ancaq hakim onların dəlillərini qəbul etməyərək, qarşılaşmanı başlamadan bitirib.


Əvvəla, "Bakı" saat 19.00-da başlaması nəzərdə tutulan oyun üçün "İnter Arena"ya gələndə 4-cü meydançada yoxlama matçı keçirilirmiş. Bu üzdən də komandalar yarım saatdan çox gözləmək məcburiyyətində qalıblar. Sonra hakim futbolçuların lisenziyasını yoxlayarkən məlum olub ki, "Enginet"in iki futbolçusunun sənədi yoxdu. Düzdü, keşləlilər adını protokola saldıqları həmin futbolçuların lisenziyasının surətini "Bakı"nın nümayəndələrinə təqdim etməyə hazır olduqlarını bildiriblər. "Zolaqlılar" isə buna etiraz etməyib. Ancaq çox keçmədən məlum olub ki, stadionda polis yoxdu. "Enginet" rəsmiləri asayişin pozulmayacağıyla bağlı zəmanət verməyə hazır olduqlarını desələr də, hakim bununla razılaşmayıb. Hətta köməkçi-hakim əvvəl bu komandanın oyununa təyinat aldığını və insident yaşanmasına şahid olduğunu deyib. Bundan sonra baş hakim qətiyyətlə qarşılaşmanın start fitini səsləndirməkdən imtina edib. Beləliklə, oyun baş tutmayıb. AFFA-nın İntizam Komitəsinin növbəti iclasında "Bakı"ya texniki qələbə veriləcəyi gözlənilir. (Futbol+)


Digər xəbərlər

Xəbər xətti