“Mən də Azərbaycanla qarşılaşmada o cür vəziyyətlə üzləşmişəm. Bəlkə də, insanlar artıq həmin epizodu xatırlamırlar".
Sportarena.az xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin sabiq üzvü Maksim Jalmaqambetov ölkəsinin mətbuatına açıqlamasında deyib. DÇ-2018-in seçmə mərhələsi keçirilən Qazaxıstan - Danimarka matçında (1:3) Baurjan İslamxanın qırmızı vərəqə ilə cəzalandırılmasına münasibət bildirən Jalmaqambetov millimizlə oyunda bu cür vəziyyətlə qarşılaşdığını bildirib:
"Həmin epizodda Azərbaycan millisinin futbolçusu üzümə tüpürüb, məni söymüşdü. O, məni təxribata çəkmişdi. Mən isə buna dözməyərək, cavab verdim və nəticədə meydandan qovuldum. O vaxt baş məşqçimiz və komanda yoldaşlarım mənə irad bildirmişdi".
Jalmaqambetov Qazaxıstan yığmasının hazırkı durumundan danışarkən də millimizə toxunub:
"Artıq 15 ildir ki, UEFA-nın üzvüyük. Ancaq bu müddət ərzində irəliyə doğru ciddi addım atmamışıq. Hazırda Ermənistan, Azərbaycan, bir sözlə bütün komandalar “artırıblar”. Bir sözlə, bizdən başqa bütün yığmalar inkişaf edir".
Qeyd edək ki, Maksim Jalmaqambetov 2004-2008-ci illərdə Qazaxıstan millisində çıxış edib. O, 30 matçda 1 qol vurub.