Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuyla qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov püşk haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:
"Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim, bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib. Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib, daha yaxından tanımağa çalışacağıq. Şansları bərabər dəyərləndirirəm. Cavab oyununun səfərdə olması isə rəqib üçün üstünlükdü. “Samtredia”nın daha bir üstünlüyü odu ki, Gürcüstanda hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq, vaxtımız da azdı. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq".