UEFA klublarımızın oyunlarının vaxtını və yerini dəyişdi

13:23 7 İyul 2017

Azərbaycan klublarının Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, UEFA klublarımızın oyunlarının təqvimində dəyişiklik edib. Belə ki, əvvəlki təqvimə əsasən, Avropa Liqasındakı hər 3 təmsilçimiz (“Qəbələ”, “Zirə” və “İnter”) 2-ci təsnifat mərhələsində ilk oyununu evdə keçirməli idi.

 

Lakin Avropanın ali futbol qurumu “Zirə”nin ilk qarşılaşmasını səfərdə keçirməsini qərara alıb. Hazırda Lüksemburqda olan paytaxt təmsilçisi bu gün bərpa məşqi keçdikdən sonra “Astra” ilə ilk oyun üçün birbaşa Rumıniyaya yollanacaq.

 

“Qəbələ”nin oyunuyla bağlı heç bir dəyişiklik edilməyib. "Qırmızı-qaralar" əvvəl nəzərdə tutulduğu kimi, Polşa “Yagelloniya”sını iyulun 13-də, 8-ci km qəsəbə stadionunda qəbul edəcək.

 

“İnter” 2-ci mərhələdəki rəqibi “Fola”yla “Dalğa Arena”da qarşılaşacaq. Ancaq “Qəbələ”nin matçı ilə üst-üstə düşməməsi üçün bu oyun iyulun 13-də yox, bir gün əvvəl reallaşacaq.

 

“İnter”lə “Qəbələ” iyulun 20-də cavab matçını səfərdə, “Zirə” isə həmin gün evdə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti