Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Samtredia”nı qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Vacib oyuna hazırlaşırıq. Problemlərimiz var. Hamımız bunu bilirik.
- Yeni transferlər sabah start heyətində meydana çıxa bilərlər?
- Xeyr, bunun üçün hələ ki, tezdi.
- Bəs Almeyda necə?
- Xeyr, o da sabahkı oyuna tam hazır deyil.
- Komandada gərginlik yoxdu ki?
- Gərginlik həmişə olur. Belə hallarla çox üzləşmişik. Futbolçularımız təcrübəlidi. Buna görə, sabahkı oyunda gərginliyin oyunumuza təsir edəcəyini düşünmürəm.
- Komanda sabahkı oyuna tam hazırdı?
- Tam hazırdı demək olmaz. Lakin sabahkı qarşılaşmada yaxşı oynaya biləcəklər. Toplanışdan sonra çox dəyişikliklər olub.
- “Qəbələ”nin qarşılaşdığı “Samtredia” ilə bugünkü “Samtredia” nə dərəcədə oxşardı?
- Tam fərqli komandalardı. Futbol gündən-günə inkişaf edir. Bu gün biz tam fərqli bir “Samtredia” görürük. Bu il onlar 3 dəfə oyun stillərini dəyişiblər. Müqayisə etmək istəməzdim. Çünki, bu komanda ildən-ilə daha da təcrübəli olur.
- Transferləri yekunlaşdırmısız?
- Xeyr. Bizə bu barədə suallar daima verilir. Bu il bəlkə də, futbolçuların videoyazısına ən çox baxdığımız il olub. Çünki transfer etmək hər keçən il bir az daha çətin olur.
- Ötən günə olan məlumata görə, 9 min bilet satılmışdı. Azarkeşlərə nə isə sözünüz var?
- Azarkeşlərlə görüşməmişəm. Bir şeyi bilirəm, stadionda olmasalar belə, azarkeşlər bizim oyunumuzla yaxından maraqlanırlar. Sayından asılı olmayaraq, bizim ürəyimiz həmişə onlarladı. Stadionun dolub-dolmamasından asılı olmayaraq, sabah qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Heyətdəki problemlər sabahkı oyunda nəticəyə təsir etməyəcək ki?
- Heyətdə həmişə problemlər olur. Elə olur ki, futbolçu zədəli olsa da, onun 2 dəqiqə də olsa, meydanda olması komandanın xeyrinə olur. Çalışırıq ki, heyətdəki problemlər komandanın çıxışına təsir göstərməsin.
- Komanda təlim-məşq toplanışında 4 oyunda uduzdu. Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Lakin bu məğlubiyyətlərdən nəticə çıxarmısız?
- Məğlub olmuşuqsa, deməli, nə isə problem var. Bizim toplanışıda buraxdığımız səhvlər elə səhvlərdi ki, onları tez zamanda aradan qaldırmaq mümkündü. Biz bu səhvləri ilboyu edirik. Sadəcə, burada daha görünən oldu. Bundan da rəqiblərimiz maksimum yararlandı. Düşünürəm ki, toplanışdakı səhvlər sabahkı oyunda təkrarlanmayacaq. Çünki rəsmi oyunda məsuliyyət daha çox olur.
- Gürcülər daha çox hücumameyilli və müdafiədə səhvə meyilli oyuna üstünlük verirlər. Bundan yararlanmaq barədə düşünmürsüz ki?
- Hamı çalışır ki, daha az səhv etsin. Səhvlər üzərində çalışırlar. Buna görə, düşünmürəm ki, biz sabah meydanda çempionatdakı “Samtredia”nı görək.
- “Qəbələ” bu rəqibi böyük hesabla məğlub etmişdi. Sabah “Qəbələ”nin bu komandaya qarşı nəticəsini yaxşılaşdırmaq barədə düşünmürsüz ki? Yoxsa gücünüzə qənaət edəcəksiz?
- Əfsuslar olsun ki, bu gün bizim gücümüz o qədər çox deyil ki, onu qoruyaq. “Qəbələ”nin ötən ilki nəticəsini təkrarlamaq və ya ondan yaxşı nəticəni əldə etmək barədə də düşünmürük. Biz sabah sadəcə, meydana çıxıb qalib gəlmək istəyirik. Azarkeşlərimizə baxımlı futbol bəxş etmək istəyirik. Əsas odu, onlar stadiondan razı ayrılsınlar.
- Avropa Liqasında mübarizə aparan “İnter” və “Zirə”nin oyunlarını izlədiz?
- Hər iki komandanın oyununu izlədim. Həm “Zirə”, həm də “İnter” yaxşı təsir bağışladılar. Onların keçirdiyi oyunlarda qələbə qazanması alqışalayiqdi. Bu komandalara və “Qəbələ”yə qarşıdakı oyunda uğurlar arzulayıram. Biz də çalışacağıq sabah qalib gələk. Bu cür qələbələrlə azarkeşləri stadionlara cəlb edə bilərik. Futbol elə oyundu ki, idmana başqa bir zövq verir. İnanıram ki, digər idmançılar bu sözdən inciməzlər.