Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda evdə “Samtredia”nı 5:0 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Çox istəkli və aqressiv bir komandaya qarşı oynadıq. Rəqib topla daha yaxşı oynayırdı. Hesab 0:2, 0:3, 0:4 olsa da, təslim olmaq istəmirdilər. Bir az əvvəl öyrəndim ki, baş məşqçiləri deyib ki, hələ şansımız var. Bundan sonra bu komandaya hörmətim bir az da artdı. Cavab oyununda ehtiyatlı olmalıyıq. Çətin oyun oldu. Futbolçular xarakter nümayiş etdirdilər, bir dəqiqə də olsun meydanda özlərini rahat hiss etmədilər. Azarkeşlər də bu gün möhtəşəm idilər. 5-6 gün vaxtımız var. Cavab oyunundan öncə səhvlərimizi nəzərdən keçirib, onları aradan qaldırmağa çalışacağıq. Avrokuboklarda istənilən hesab qeydə alına bilər.
- Yeni transferlərdən razı qaldız?
- Hər ikisi təcrübəli futbolçudu. Ancaq onların oyununa bir oyunla qiymət vermək olmaz. Onların oyun intizamından razı qaldım. Nə cür danışmışdıqsa, elə də oynadılar. Onlar meydana çıxandan sonra komandanın sistemi pozulmadı. Hər ikisi peşəkar futbolçudu.
- Rəşadın vəziyyəti necədi?
- Onun vəziyyətinə sabah, ya da bir-iki günə tam aydınlıq gələcək. Dizində problem var. Ümid edirəm ki, ciddi bir şey yoxdu.
- Bu mövsüm Çempionlar Liqasında maksimum hədəfiniz nədi?
- İştirak etdiyimiz hər bir turnirdə maksimum irəliləmək istəyirik. Futbolçularımızın təcrübəsi var. ÇL çox ciddi turnirdi. Burada zəif komanda olmur. Hər komanda öz ölkəsinin çempionudu. Oyunlarda istənilən nəticə qeydə alına bilər. Qrupa düşmək üçün çalışacağıq.
- Futbolçu olduğunuz zaman, 26 il öncə Gürcüstanda, “Mertsxali” komandasında çıxış etmisiz. Bu ölkəyə gedəndə, əvvəlki komanda yoldaşlarınızla görüşəcəksiz?
- Əfsuslar olsun ki, həmin komandada heç kim yadımda qalmayıb. Üzərindən 26 il keçib. Ancaq bu sözlərdən sonra onları yada salmağa, Tiflisə gedəndə onlarla görüşməyə çalışacam.