"Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdi.
Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərə müsahibə verib.
- Sevindirici hesab oldu, amma təəsüflənirəm. Çünki zədələndim. Komanda yoldaşlarımı təbrik edirəm. Ağıllı oynadılar. Gücümüzü düzgün qiymətləndirdik. Fiziki cəhətdən tam hazır deyildik. Mövsümün ilk oyunu idi. Ancaq rəqibdə əksinə idi, onlarda mövsüm davam edir. Bizdən “diri” idilər. Hər şeyə baxmayaraq, bu gün yaxşı çıxış etdik. Zədələnməyim yaxşı olmadı. Təlim-məşq toplanışlarından sonra ilk oyunda zədələnmək psixoloji cəhətdən də zərbə vurur. Şimali İrlandiyaya məğlubiyyətdən sonra deyirdim ki, bu oyunlarda əhvalım düzələr. Amma zədələnməklə yenə zərbə aldım. Futboldu, nə etmək olar.
- Ciddidi?
- Sabah bilinəcək. Tibbi müayinədən keçəndən sonra məlum olacaq.
- Sənin əvəzində meydana çıxan Yakub Jezniçak necə təsir bağışladı?
- Çox yaxşı oynadı. Onsuz da məşqlərdə özünü yaxşı göstərmişdi. Çox əla transferdi. “Qarabağ”a gələcəkdə də çox faydası dəyəcək. 15 il “Legiya” kimi komandada oynamaq və kapitanı olmaq asan iş deyil.
- Cavab oyununda zəif heyətlə oynamaq olar?
- Elə şey olmaz. Bizim birlikdə oynamağa ehtiyacımız var. Növbəti 90 dəqiqəni düşünməliyik. Çatışmayan cəhətlərimiz çoxdu. Oyundan-oyuna bunları aradan qaldırmalıyıq. Rəqib zəif deyil.