"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdi.
Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərə açıqlama verib.
“Oyuna yaxşı hazırlaşmışdıq. Yaxşı nəticə qazanmağa çalışırdıq. Şükürlər olsun ki, istədiyimiz nəticəni əldə edə bildik. Böyük hesabla qalib gəlsək də, arxayınlaşmamalıyıq. Bizi səfərdə çətin oyun gözləyir. Rəqib daha aqressiyalı və sərt oynayacaq. Düşünürəm ki, ikinci oyun bizim üçün daha ağır olacaq”.
Millimizin futbolçusu oyunun gedişində “Samtredia” futbolçularının həvəsdən düşdüyünü deyib:
“Yəqin ki, bizi yaxşı analiz etmişdilər. Düşünürəm ki, qollar bizim oyunumuzu daha da yaxşılaşdırdı. Bizdə də çatışmazlıqlar var. Hər qol vurulduqdan sonra rəqib həvəsdən düşdü, biz daha da həvəsləndik. Bu da bizim daha səviyyəli oynamağımıza və yaxşı nəticə əldə etməyimizə gətirib çıxardı”.
Qara komandanın yeni transferləri haqda söz açıb:
“Onlar komandamıza uyğunlaşıblar. İnşallah, növbəti oyunlarda daha yaxşı formada olacaqlar. Yeni transferlərimiz gəldikləri klublarda, oynadıqları çempionatlarda öz sözlərini deməyi bacarıblar. Ümid edirik ki, uğurlu karyeralarını “Qarabağ”da da davam etdirəcəklər”.
Yarımmüdafiəçi komandasının optimal formada olmadığını söyləyib:
“Oyun planımızda axsamalar var. Bu da komandadakı itkilərlə bağlıdı. Riçardın və Kintananın zədəli olması problem yaradır. Yoldaşlıq oyunlarındakı nəticələr haqda danışmaq istəmirəm. Çünki biz əksər vaxtlarda yoldaşlıq oyunlarında uğursuz nəticələr əldə etmişik və uğursuzluqdan sonra yaxşı oynamağa başlamışıq”.