Ötən mövsümün gedişində “Bursaspor”dan kənarlaşdırılan millimizin hücumçusu Dəniz Yılmazın bağışlandığı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu bu gün uzun fasilədən sonra komanda ilə ilk məşqinə çıxacaq. O, bu gün baş məşqçisi Pol Le Quenlə birlikdə jurnalistlərin önünə çıxıb. Millimizin hücumçusu keçmişdə baş verən xoşagəlməz hadisələri unutduğunu, bundan sonra yalnız komandanın uğurları barədə düşündüyünü deyib:
“Geriyə dönüb baxan, özünü tənqid etməyi bacaran hər bir şəxs daha bir şans qazanmağa layiqdi. Keçmişlə yaşamağın heç kimə fayda verməyəcəyini düşündüm. Bu forma, bu klub üçün çalışmaq qərarına gəldim, məşqçi də mənə şans verdi. Bəli, hamı kimi mənim də səhvlərim olub. Mənə qarşı edilən səhvlər də həmçinin. Əsas olan bir-birimizi başa düşməkdi. Azarkeşlərimizi anlayıram. “Bursaspor”a kömək etmək istəyirəm. Onların məni düzgün başa düşəcəyinə ümid edirəm. Məşqçimə və komanda yoldaşlarıma mənim yenidən onlarla birlikdə olmağımı istədiklərinə görə təşəkkür edirəm. Hazırda istədiyim əsas şey azarkeşləri xoşbəxt edəcək nəticələr qazanılmasında yaxından iştirak etmək və yenidən onların könlünü fəth etməkdi”.
Xatırladaq ki, Dəniz ötən mövsümün gedişində intizamsızlığa görə komandadan kənarlaşdırılmışdı. Millimizin hücumçusu bir neçə dəfə azarkeşlərlə də qalmaqal yaşamışdı.