Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında Gürcüstan təmsilçisi “Samtredia”yla qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb. Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq məqsədilə həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.
Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə Ağdam klubu UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb. Görüşdə stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılması barədə qərar qəbul edilib.
Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.