İngiltərə çempionu "Çelsi"nin baş məşqçisi Antonio Kontenin Premyer Liqa klubundakı taleyinə rəsmən aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən London təmsilçisini tərk edəcəyi iddia olunan italiyalı mütəxəssislə yeni müqavilə imzalanıb. Konte 2 illik anlaşmaya imza atıb. Əslində, Konte "Çelsi"yə gələrkən bu klubla 3 illik müqavilə imzalamışdı. Lakin klub rəhbərliyi gəzən söhbətlərə son qoymaq üçün italiyalı mütəxəssisə müddət olduğu kimi qalmaq şərtilə daha sərfəli müqavilə təklif edib.
Qeyd edək ki, 2016-cı ildən "Çelsi"nin "sükanı arxasına" keçən Konte ilk mövsümündəcə "zadəganlar"a Premyer Liqa çempionluğunu qazandırmışdı. Komanda onun rəhbərliyi altında öz meydanında ardıcıl 13 qələbə qazanmaqla klub rekorduna imza atdı. Mövsümü 30 qələbə ilə başa vuran "Çelsi" Premyer Liqa tarixində buna nail olan ilk klub ünvanına yiyələnməklə yanaşı, Federasiya Kubokunda da finala yüksəlmişdi.