Roberto Bordin "Bu, hər iki komanda üçün problem olacaq"

20:38 24 İyul 2017

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda sabah “Qarabağ”ın qonağı olacaq “Şerif”in baş məşqçisi Roberto Bordin oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Bizi çətin oyun gözləyir. “Qarabağ”ın güclü rəqib olduğunu bilirik. Bununla belə, düşünürəm ki, maraqlı oyun olacaq.

 

- “Qarabağ”ı cütün favoriti hesab etmək olar?
- “Qarabağ”ın üstünlüyü ondan ibarətdi ki, ilk oyunu evdə oynayır. Burada bizi 0:0 hesabı qane edir. Fikrimcə, həlledici oyun evdə keçirəcəyimiz qarşılaşma olacaq.

 

- Rəqibin əsasən hansı mövqeyini daha təhlükəli hesab edirsiz?
- Hər şeydən əvvəl “Qarabağ” güclü rəqibdi. Topla oynamağı yaxşı bacarır. Tək-tək oyunçuları fərqləndirmək istəməzdim. Hücum xətti xüsusilə sürətli oyunuyla seçilir.

 

- “Qarabağ” üçün hansısa sürpriziniz var?
- Sürprizlər deyilmir. Bunu sabah görəcəksiz.

 

- Buraya gələn komandalar əsasən, havanın isti olmasından şikayətlənir. Siz necə, burdakı havadan razısız?
- Biz Tiraspolda da bu cür havada oynayırıq. Hava isti olsa, bu, hər iki komanda üçün problem olacaq. Ancaq bildiyim qədər ilə sabah küləkli hava olacaq.

 

- Komanda son çempionat oyununda xal itirdi. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?
- Həmin oyunda son dəqiqlərdə qol buraxdıq. Ancaq bu, komandaya hansısa çətinlik yaratmır.

 

- Komandanın heyətində itki yoxdu ki? 
- Yox, komandada heç bir itki yoxdu.

 

- Sizdə artıq çempionatda bir neçə tur geridə qalıb. Bu, komandaya çətinlik yaratmayacaq ki?
- Biz artıq buna öyrəşmişik. Demək olar, həftədə iki dəfə oyun keçiririk. Buna görə, bunun çətinlik yaradacağını düşünmürəm.


Digər xəbərlər

Xəbər xətti