Qurban Qurbanov: "Bizə nə sərf etsə, həmin oyunu göstərəcəyik"

00:00 26 İyul 2017

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda evdə “Şerif”lə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Oyun gözlədiyimiz kimi keçdi. Ağır oyun oldu. Bu oyun bir daha göstərdi ki, bu turnirdə zəif komanda yoxdu. Hamı öz ölkəsinin çempionudu. Qələbə qazana bilmədik. Buna baxmayaraq, komandamdan razı qaldım. 0:0 hesabı da pis nəticə deyil. Əsas odu, evdə qol buraxmadıq. Cavab oyununa hazırlaşmaq üçün 6 gün vaxtımız var. Sadəcə, azarkeşlərə görə üzüldüm. Onları qol ilə sevindirə bilmədiyimizə görə. Son ana kimi qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik.

 

- İkinci hissədə komanda daha hücumameyilli idi. Bunun səbəbi nə idi?
- Oyundan öncə də demişdim ki, rəqib bir neçə oyun üslübündan istifadə edir. Xüsusilə, rəqibin 20 nömrəli futbolçusu daha fəal idi. İlk hissədə rəqib müqavimət göstərdi. Lakin oyunu 90 dəqiqə eyni tempdə keçirmək çətin olur. Düşünürəm ki, rəqib evdə daha açıq oynayacaq. Rəqibin baş məşqçisi futbolu yaxşı bilən mütəxəssisdi. Fikrimcə, nəticə baxımından onlar istədiyini edə bildilər.

 

- Yakub Jezniçakın zədəsi nə yerdədi?
- Zədəsinin ciddi olduğunu düşünmürəm. Sabah həkimlər onun neçə gün sonra məşq edə biləcəyini bildirəcəklər. Məncə, sadəcə, əzələsi zədələnib.

 

- Etiraf edək ki, “Qarabağ” rəqibdən daha səviyyəlidi. Cavab oyununda nə isə dəyişiklik edəcəksiz?
- Öz probramımız əsasında işləyirik. Hanıs oyunçuya lazımdısa, ona əlavə proqram veririk. Komanda bir yerdə çox az olub. Oyunçuların fiziki hazırlığında bəzi çatışmazlıqlar var. Bu da vaxtla bağlı olan məsələdi. Vaxt keçdikcə, bu problemin qaydasına düşəcəyini düşünürəm.

 

- “Qarabağ” yoxlama oyunlarında qalib gələ bilmədi. Bu gün də komandanın fiziki cəhətdən zəif olduğunu gördük...
- Xüsusi bir səbəbi yoxdu. İkinci hissədə rəqib mərkəzi nadir hallarda keçirdi. Avstriyada keçirdiyimiz oyunlar hazırlığımızı qaldırmaq cəhətdən çox mühüm oldu. Ola bilsin, digər komandalar hazırlığa bizdən tez başlamıdşılar. Məğlubiyyətlərə səbəb bu da ola bilər. İlk məşqimizi cəmi 5 futbolçuyla keçmişdik. Məncə, bu gün narahat olası bir şey yoxdu. Hələ ki, vaxtımız var.

 

- Cavab oyununda heyətdə dəyişikliklər gözlənilir?
- Bunu deyə bilmərəm. Bir həftə vaxtımız var. Tam hazır olan oyunçulara şans verəcəyik. O ki qaldı hansı oyunu sərgiləyəcəyimizə, bizə nə sərf etsə, həmin oyunu göstərəcəyik. Müdafiə olunmaq lazım olsa, müdafiə olunacağıq. Hücum lazım olsa, hücum edəcəyik.

 

- Bu gün meydanda gözlədiyiniz “Şerif”i gördüz?
- Bəli, gözlədiyim komandanı gördüm.

 

- Bu “Şerif” cavab oyununda sürpriz edə bilər?
- Rəqib nəticə qazanmağı bacaran komandadı. Komandanın müdafiə olunması çox adamda onlar barədə səhv fikir formalaşdırır. Ancaq nəticə qazanmaq üçün müdafiə olunmaq da olar. Cavab oyununda tam fərqli komanda ilə qarşılaşa bilərik. Rəqibin oyununda mütləq nə isə dəyişiklik olacaq.

 

- ÇL-in 3-cü təsnifat mərhələsi sanki “Qarabağ” üçün düşərli deyil...
- Bu barədə düşünmürük. Çalışacağıq ki, səfərdə yaxşı çıxış edək.

 

- İlk hissədə meydançanı yoxladız. Meydançadan narazı idiz?
- Birinci hissədə top meydanda sanki bir qədər yavaş hərəkət edirdi. Meydança sulandıqdan sonra bu problem aradan qalxdı.


Digər xəbərlər

Xəbər xətti