"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Moldova "Şerif"inə qarşı Bakıda keçirilmiş ilk oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:
- “Şerif”in yaxşı komanda olduğunu bilirdik. Avrokuboklarda təcrübələri var. Bu gün müdafiədə və əks-hücumlarda güclü təsir bağışlayan “Şerif” gördüm. “Qarabağ”ımız da əla oynadı. Oyunumuzdan çox razı qaldım. Üç-dörd yüzfaizli qol şansımız oldu. Təəssüf ki, top qapıdan keçmədi. Buna heç cür inana bilmirəm. Alınmadı.
- Oyuna gələndə hansı nəticəni düşünüb gəlmişdiz?
- Səmimi deyim: düşünürdüm ki, “Qarabağ”ımız iki qol vuracaq. Həm də bu, arzum idi. Çox qapalı oynadılar. Onlar heç-heçə üçün gəlmişdilər və buna da nail oldular. Amma biz arzumuza çata bilmədik. Səfərdəki oyun da çətin keçəcək. “Qarabağ” açıq-aşkar üstün oldu. “Şerif”in müdafiəsi və qapıçısı əla idi. “Qarabağ” da rəqibdən geri qalmırdı. Maksimin oyununu qeyd edərdim. Medvedev möhtəşəm oyun keçirdi.
- Qələbə üçün nə çatmadı?
- Bəxt də lazımdı. Biz üstün idik.
- Nəticə ruh düşkünlüyü yaratmır?
- Xeyr. Bu gün “Qarabağ” möhtəşəm idi. Hər oyunu udmaq olmaz. Elə futbolun gözəlliyi də bundadı. Məndə belə düşüncə yoxdu. Hərdən soruşursuz ki, transfer lazımdı? Mən isə cavabımda deyirəm ki, xeyr, bu komanda güclüdü. Komandamıza mesaj verirəm ki, güclüsüz. Amma buna baxmayaraq, hər zaman da axtarışdayıq. Öz oyunçularımıza da güvənirik. Bu komandanı bəyənirəm.
- Oyun ərzində kapitan Rəşad Sadıqovun yeri görünürdü?
- Çox axtarırdım Rəşad Sadıqovu... Gözlərim kapitanı gəzirdi.
- Yakub Jezniçakın zədəsinə nə reaksiya verdiz?
- Çox təəssüfləndim. Amma oyuna daxil olan Elvin Yunuszadə də əla çıxış etdi.