Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ı qəbul edəcək “Şerif”in hücumçusu Stefan Muqoşa matç barədə fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, monteneqrolu forvard klubun saytına açıqlamasında onları çətin oyun gözlədiyini deyib:
“Bizi “Qarabağ”la çətin oyun gözləyir. Əlbəttə, matçdan öncə üzərimizdə təzyiq var. Hamımız başa düşürük ki, bizi yalnız qələbə qane edir. “Qarabağ” çox güclü və öz dəst-xətti olan komandadı. Buna baxmayaraq, hədəfimiz pley-off mərhələsinə adlamaqdı. Rəqibin oyunçularını tək-tək vurğulamaq istəmirəm. Əsas odu ki, öz meydanımızda çıxış edəcəyik və azarkeşlərin dəstəyi bu baxımdan önəmli rol oynayacaq”.
“Şerif” - “Qarabağ” oyunu bu gün saat 21:00-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk oyun qolsuz bərabərliklə nəticələnib.