Əmrah Çəlikəl: “Şerif” bizdən 100 min istədi” - AÇIQLAMA

18:49 1 Avqust 2017

"Təbii ki, "Qarabağ"ın "Şerif"lə bugünkü cavab oyununun Azərbaycanda canlı yayımlanmasını istəyirik və bu istiqamətdə dünəndən çalışmalarımıza başlamışıq. Ancaq hələ ki, bir yenilik yoxdur. Matçın startına az qalıb. Bizə verilən məlumata görə, texniki məsələlərə görə yayımın təşkili artıq gecdir. Çox güman, matçı Moldova telekanallarından və internetdən izləmək olacaq".

 

Sportarena.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş direktoru Əmrah Çəlikələ məxsusdur. Çempionumuz bu gün Bakı vaxtilə saat 21:00-da Moldovada "Şerif"lə Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyununa çıxacaq. İndi futbolsevərlərimizi maraqlandıran əsas məsələlərdən biri bu matçın ölkəmizdə canlı yayımın olması ilə bağlıdır. Çəlikəl yayım məsələsi ilə bağlı moldovalılarla danışıqlar apardıqlarını bildirib:

 

"Teleyayım hüququ "Şerif Holdinq"ə məxsusdur. Oyunun Azərbaycanda yayımı ilə bağlı bizə elə bir məbləğ dedilər ki, bu, imkanlarımız xaricindədir. Biz həmişə telekanallarımıza səfər matçlarımızın canlı yayımının təşkilində kömək göstərmişik. Ancaq bu dəfə vəziyyət fərqlidir. Telekanallarımız özləri də klublarımızın avrokuboklarda səfər oyunlarının canlı yayımının təşkilində maraqlı olmalıdırlar".

 

"Qarabağ" rəsmisi "Şerif"in yayıma görə Azərbaycan tərəfdən 100 min dollar istəməsi ilə bağlı xəbəri təsdiqləyib:

 

"Bəli, bu doğru rəqəmdir. Yayıma görə 100 min istədilər".

 

Xatırladaq ki, "Qarabağ"ın ÇL-də oyunlarını canlı yayımlayan "İdman Azərbaycan" telekanalı II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə Tiflisdəki qarşılaşmasını birbaşa efirə vermişdi (sport24.az).


Digər xəbərlər

Xəbər xətti