Ramin Musayev: "İstefa verməyə hazıram"

12:58 2 Avqust 2017

Bu gün Azərbaycan Premyer Liqasının növbəti mövsümünün püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın inzaibati binasında keçirilən püşkatmadan əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Həmişə ölkə xaricində bizdən soruşurdular ki, sizdə komandalarda ulduzların sayı niyə belə çoxdu? Belə qərara gəldik ki, bir komanda 5 dəfə çempion olubsa, o komanda ulduz taxa bilər. 5 çempionluq bir ulduzla qiymətləndiriləcək. Bundan əlavə, 1996-97 mövsümünün çempionu “Neftçi” sayılacaq.

 

Belə qərara gəldik ki, klublar arasında oyunçu icarəsi zamanı həmin futbolçunun öz klubuna qarşı oynamamasıyla bağlı razılıq olmasın. Oyunçunu icarəyə vermisənsə, sənə qarşı oynaya bilər. Onsuz da futbolçular il ərzində az oyun keçirirlər.

 

- Növbəti mövsümdə əvəzedici komandalar yenə əsas komandalardan bir gün əvvəl meydana çıxacaq?
- Növbəti mövsümdən əvəzedicilər əsas komandadan əvvəlki kimi bir gün əvvəl yox, bir gün sonra oynayacaq. Bunu məşqçilərin xahişi əsasında qəbul etmişik. Ancaq məncə, bu, doğru qərar deyil.

 

- Birinci divizionda vəziyyət necə olacaq?
- Birinci divizionda 12 komandanın çıxış etməsi gözlənilir. Ancaq bu ildən klubların çempionatda çıxış etməsi ücün zəmanət məktubu tələb edəcəyik. Bu cür məktubu təqdim etməyən klublar birinci diviziona buraxılmayacaq. Kimin klubu olmasından asılı olmayaraq. Elə klublar olur ki, oyunçuları yığısıb bura gəlir, kömək istəyirlər. Bu cür halların yaşanmaması ücün ancaq zəmanət məktubu təqdim eden klublar buraxılacaq.

 

- “Xəzər Lənkəran” rəhbərliyi deyib ki, hazırkı rəhbərlik ola-ola çempionata qayıtmayacaqlar. Bu barədə nə deyə bilərsiz?
- Onlar düz deyirlərsə, mən istefa verməyə hazıram. İnsan səhvi birinci özündə axtarmalıdı. Mən həmişə deyirəm ki, hansı klub rəhbəri öz maliyyəsindən futbolun inkişafı naminə ayırırsa, onları futboldan iyrəndirməməliyik. Hakimlərə də bunu tez-tez deyirəm ki, bizə inanan insanları futboldan küsdürməyin. Mənə sual verirlər ki, “Bakı” və “Xəzər Lənkəran” komandaları Premyer Liqaya gəlmək istəsə, çempionata buraxarsızmı? Yenə deyirəm, hansısa sponsor komandasını elitaya buraxmaq istəyərsə, yenidən püşkatma keçirərəm. “Rəvan” və “Şərurspor”un 1-ci diviziondan getməsi mənə xoş gəlmədi, rəhbərlikləri ilə yaxşı münasibətimiz var idi. Dəvədən böyük fil var. UEFA-dan bizə məktub gəldi ki, onlar cəzalandırılır. Gəlmək istəyən komanda varsa, gözümün üstündə yeri var. Bu il “Binə” 1-ci diviziona gəlib. “Göyçə” komandası gəlir, Göyçə mahalını təmsil edəcək. Sözsüz ki, bayaq dediyim sənədlər onlardan da tələb olunur. Hansısa sponsor çempionata komanda buraxmaq istəsə, kiməsə mane olmaram.

 

- Çempionatda yenə 8 komanda çıxış edəcək və onun yarısına AFFA sponsorluq edir. Bunda assosiasiyanın heç günahı yoxdu?
- Özünüz də bilirsiz ki, bütün dünyada böhrandı. Moldovalılar “Qarabağ”ın “Şerif”lə oyununu göstərməyə üçün 100 min avro tələb ediblər. Həmin pula Moldovanı almaq olar. Futbola gəlmək istəyən sponsor yoxdu, AFFA nə etsin? Bir dəfə futbola sponsorluq edənlərdən biri dedi ki, bu qədər pul yatırıram. Dedim ki, sənə ayrılan pul mənə ayrılsaydı, 5 dəfə artıq sərmayə qoyardım.
 

- Sizcə, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansı nə qədər realdı?
- İdman bəxti deyilən bir şey var. Hansı klubun onlara rəqib olmasından çox şey asılıdı. Futbolda hər şey ola bilər. “Qəbələ” ilk oyunda “Yagelloniya” ilə heç-heçə etsə də, səfərdə o komandaya qalib gəldi. Amma məni qınamayın. “Qarabağ” indi bir qədər zəifdi. Üç il əvvəl daha güclü idilər.


Digər xəbərlər

Xəbər xətti