Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda evdə “Panatinaikos”a 1:2 hesabıyla məğlub olan “Qəbələ” mübarizəni dayandırıb.
Sportarena.az xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
- “Qəbələ” avrokuboklarda adətən hesabı açan tərəf olsa da, üstünlüyünü qoruyub saxlaya bilmir. Buna səbəb nədi?
- Bu, heç də həmişə belə olmur. Elə olur ki, rəqib hesabı açır, biz cavab veririk. Bu barədə nə deyəcəyimi bilmirəm.
- Bu gün komandanın oyununda nə alınmadı?
- Biz bir qol vurduq, rəqib iki. Nəyi düz etmədik? Sadəcə, 3 qol vurmadıq. Bu gün sadəcə, rəqib çox güclü idi. Həm komanda oyununda, həm də fərdi oyunda.
- Azərbaycanda çalışmağa başlayandan Avroliqanın qrup mərhələsində çıxış etmisiz. Bu dəfə qrup mərhələsindən kənarda qaldız. Bu, “Qarabağ”la çempionluq uğrunda mübarizədə komandaya kömək ola bilər?
- İstəməzdik ki, belə olsun. Deyə bilmərəm, necə olacaq. Bir cəbhədə mübarizə aparmağın komandanın nəticələrinə necə təsir edəcəyini bilmirəm.
- Heyətdə çoxlu legioner var. Düşünmürsüz ki, çempionatda bu oyunçuların çoxundan istifadə edə bilməyəcəksiz?
- Düşünmürəm ki, bizdə artıq legioner oyunçular var. Son 3 ildə komanda belə komplektləşməmişdi.
- Ötən ilki heyətlə bugünkünü müqayisə edəndə, komandada hansı tipdə futbolçu çatışmırdı?
- Kombinasiyalı, sürətli oyunu çox xoşlayıram. Geridən top ötürəndə irəlidəki oyunçu topu saxlayıb, hücumun qurulmasına kömək edir. Bizdə məhz bu cür oyunçu çatışmırdı.
- Bu məğlubiyyətdən sonra komandanı çempionata necə kökləyəcəksiz? Psixoloji cəhətdən onları qarşıdakı oyunlara kökləmək çətin olmayacaq ki?
- Düşünmürəm ki, klubda kimsə bugünkü məğlubiyyətə görə ciddi təəssüflənsin. Çünki rəqib çox güclü idi. Fövqəladə bir şey baş verməyib. Güclü rəqiblə oynadıq. Bu da, bizim çempionata yaxşı hazırlaşmağımız üçün yaxşıdı.